https://www.zirve.edu.az/
03.04.2018 12:34
Qərbi Azərbaycanın “kiçik akademiya”sı - Erməniləri qıcıqlandıran kənd məktəbində hansı məşhurlar oxuyub?

İnsanın şəxsiyyət kimi formalaşmasında və inkişafında təhsilin rolu danılmazdır. Buna görə də cəmiyyət təhsilin səviyyəsinə, keyfiyyətinə uyğun olaraq formalaşır.

Hələ qədim zamanlardan Azərbaycanda təhsil müəssisələrinin yaranması, ziyalıların təhsilə olan marağı artırmağa çalışmaları və insanları elmə yönləndirmələri ölkədə təhsilin daim diqqətdə olduğunu göstərən məsələlərdəndir.

Azərbaycanda orta məktəblər yaranmazdan əvvəl tədris aparılan məkanlardan biri də mədrəsələr olub. Lakin bu zaman, hər uşağı mədrəsələrdəki təhsilə cəlb etmək mümkün deyildi. Əksər vaxtlarda dini xurafatın və fanatizmin hökm sürdüyü bu təhsil ocaqlarında keçirilən dərslər, bir çox ziyalıların narazılığına səbəb olurdu. Bu kimi hallar orta məktəblərin yaranmasını labüd edən məqamlardan hesab olunur.

İndiki zamanda insanların qədim təhsil müəssisələri haqqında məlumatlı olması, təhsilə öz töhvəsini verən və bu yolda mübarizə aparan həmin şəxsiyyətləri tanıması çox vacibdir.

1949-1950-ci illərin məzunları.jpg

AzEDU “İlk məktəblər” rubrikasını davam etdirir:

Rubrikada Azərbaycanın müxtəlif bölgələrində yaranan ilk məktəblər və onların yaradıcıları haqqında yazılara yer verilir.

Bu dəfə isə Qazax mahalının ilk olmasa da, ən güclü məktəblərindən hesab edilən Gölkənd məktəbi haqqında məlumat verəcəyik.

1 müəllim, 2 şagirdlə fəaliyyətə başlayan məktəb...   

Gəncə quberniyası Qazax qəzasının Qaraqoyunlu mahalı 20-ci illərdə ədalətsiz olaraq, Ermənistan SSR-nin tərkibinə qatılıb. Azərbaycanın digər əraziləri kimi bu ərazi də o vaxt murdar daşnak siyasətinin qurbanı olub.

30118777_1664084733627421_1447598962_n.jpg

Gölkənd kəndi gözəl mənzərəyə malik olmaqla yanaşı, həm də Qaraqoyunlu dərəsinin ən böyük kəndi olub. Bu kəndin sosial-iqtisadi, mədəni inkişafında Gölkənd orta məktəbi mühüm rol oynayıb. 1813-cü yanvarın 13-nə olan məlumata əsasən, bir müəllim, iki şagirdlə fəaliyyətə başlayan Gölkənd məktəbi sonralar nəinki Ermənistanda, hətta o vaxt ittifaqda ən nüfuzlu maarif ocağına çevrilib. Bu kəndin gəncləri və ümumən camaatı elmə böyük maraq göstəriblər. Bakıda elə bir ali məktəb olmayıb ki, orada Gölkənd orta məktəbinin yetirməsi olmasın.

Bütün bunlarla yanaşı, camaatın səyi nəticəsində hələ 1937-ci ildə Gölkənd kəndində ikimərtəbəli məktəb binası tikilib istifadəyə verilib. Qeyd edək ki, o vaxtlar heç bir Qərbi Azərbaycan kəndində ikimərtəbəli məktəb binası yox idi.

Qərbi Azərbaycan məktəblərinin rekordunu yeniləyən Gölkənd kənd orta məktəbi...

Bundan başqa, ittifaqın əksər nüfuzlu universitet və institutlarında Gölkənd orta məktəbinin yetirmələrinə rast gəlmək olardı. Bir fakt da maraq doğurur ki, ermənilərin “xüsusi istedada və qabiliyyətə malik olmaları” haqqında uydurmanı Gölkənd məktəbinin şagirdləri və məzunları alt-üst edirdi. O vaxtlar hər il keçirilən hesabatlara əsasən, universitetə qəbul olunan tələbələrin sayına görə Gölkənd orta məktəbi bütün erməni məktəblərinin birlikdə qəbul olunan tələbələrin sayını ötüb keçirdi. Erməni məktəblərinin məzunlarından hər il 3-5 nəfər tələbə adını qazanırdısa, bu rəqəm Gölkənd məktəbi üçün 20-25 nəfər təşkil edirdi. Həm də 1970-ci illərdən sonra bu məktəbi ana dilində orta məktəbi bitirən məzunlar Moskva, Leninqrad, Voronej, Kuybışev, Novosibirsk universitet və institutlarına uğurla qəbul olunurdular. Həmçinin rayon və respublika olimpiadalarında onlara olan mənəvi və psixoloji təzyiqlərə baxmayaraq, həmişə birinci ya da ikinci yerləri tuturdular.

29939594_1664084726960755_891766909_n.jpg

Ermənistanda “Kiçik Akademiya”

Ermənistanda “kiçik akademiya” adını alan bu məktəbdə müxtəlif vaxtlarda işləyən müəllimlərdən əməkdar müəllim Hacı Hacıyev, İlyaq Talıbov, Həmid Əliyev, Fərman Əhmədov, Abbas Səmədov, Məmməd Mansurov, Şirin Məmmədov, Novruz Musayev, İsgəndər Hacıyev, İbrahim Həsənov və başqaları orta məktəbin formalaşması və inkişafında böyük qüvvə sərf ediblər.  Bunun nəticəsidir ki, Gölkənd orta məktəbinin məzunlarından 20-dən çox elmlər doktoru və 100-dən çox elmlər namizədi adını alıb. İqtisad elmləri doktoru Həsən Allahverdiyev, kimya elmləri doktoru Qayıbverdi İskəndərov və Firdovsi Seyidov, tibb elmləri doktoru Sabir Əliyev Gölkənd orta məktəbinin məzunlarıdır.

Gölkənddə təhsil Qaraqoyunlu təhsilinin tərkib hissəsidir. Bəzi fərqli cəhətlər özünü göstərsə də, ümumi dinamika eyni idi. Digər bölgələrdə olduğu kimi Gölkənd məktəbinin təhsili də tarixi şəraitlə əlaqədar olaraq dəyişirdi.

30020453_1603029569732191_63935987_n (1).jpg

Musa Məmmədov  rəhbəri olduğu sinif uşaqları ilə.jpg