Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-03 11:43:00
“Ədəbiyyat nəzəriyyəsi: inkişaf mərhələləri və problemləri” kitabı çapdan çıxıb

Elmin İnkişafı Fondunun qrant layihəsi çərçivəsində (layihə rəhbəri: filologiya elmləri doktoru, professor Tahirə Məmməd) 2 cildlik “Ədəbiyyat nəzəriyyəsi: inkişaf mərhələləri və problemləri” kitabı nəşr olunub. Kitabın elmi redaktoru və “Ön söz”ün müəllifi akademik İsa Həbibbəyli, rəyçiləri isə akademik Nizami Cəfərov və filologiya elmləri doktoru, professor Məmməd Əliyevdir.

AzEdu.az xəbər verir ki, kitabın birinci cildində problemə müasir baxış, ədəbiyyatın araşdırılmasında nəzəri dinamika, ədəbi cərəyanlar və onların Azərbaycan ədəbiyyatında təzahür xüsusiyyətləri, müasir dünyada geniş şəkildə müraciət edilən stereotip-arxetip-prototip nəzəriyyəsi əhatə olunub.

İkinci cilddə ədəbiyyat nəzəriyyəsi müasir meyarlarla araşdırılır, beynəlxalq və respublika miqyasında yeni nəzəri baxışların ümumiləşdirilməsi istiqamətində tədqiqat aparılır. Ədəbiyyat nəzəriyyəsinə aid dərsliklər dəyişən tarixi, elmi dəyərlər kontekstində nəzərdən keçirilib dəyərləndirilir. Azərbaycanda ədəbi-nəzəri məktəblər onların təmsilçilərinin yaradıcılığı əsasında sistemləşdirilir. Ədəbiyyatın zaman və məkanla bağlı dinamikasına diqqət yönəldilir.

Kitab alim və tədqiqatçılar, həmçinin tələbələr üçün dəyərli vəsaitdir. “Ədəbiyyat nəzəriyyəsi: inkişaf mərhələləri və problemləri” kitabının geniş ictimaiyyət üçün təqdimatının da keçirilməsi planlaşdırılır.