https://www.zirve.edu.az/
03.04.2018 09:07
Universitet və kolleclərə qəbul olmaq istəyənlər üçün sənəd qəbulu davam edir

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlər üçün sənəd qəbulu martın 29-da başlayıb və aprelin 30-dək davam edəcək. Abituriyentlər göstərilən tarixədək elektron ərizələrininin təsdiqini təmin etməlidirlər.

AzEDU xəbər verir ki, ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir.

Aşağıda göstərilən kateqoriyalardan olan abituriyentlər elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən özləri təsdiq edirlər:

- Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini cari ildə bitirən abituriyentlər;
- Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini 2012-ci və ondan sonrakı illərdə bitirən qadın cinsli abituriyentlər;
- Azərbaycan Respublikasının ilk peşə-ixtisas təhsili müəssisələrini 2013-cü və ondan sonrakı illərdə bitirən qadın cinsli abituriyentlər;
- 2012-ci və ondan sonrakı illərdə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə verib onu təsdiq etdirən qadın cinsli abituriyentlər.

Digər abituriyentlər tələb olunan sənədləri təqdim etməklə elektron ərizələrini müvafiq SQK-larda təsdiq etdirirlər. SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək aşağıdakı ünvanlarda fəaliyyət göstərirlər:

Bakı Dövlət Universiteti
(Bakı ş., Z.Xəlilov küçəsi, 23);
Azərbaycan Texniki Universiteti
(Bakı ş., H.Cavid prospekti, 25);
Azərbaycan Universiteti
(Bakı ş., C.Hacıbəyli küçəsi, 71);
Sumqayıt Dövlət Universiteti
(Sumqayıt ş., 43-cü məhəllə);
Bakı Dövlət Universitetinin Qazax filialı
(Qazax ş., H.Əliyev prospekti, 150);
DİM-in Naxçıvan MR Regional Bölməsi
(Naxçıvan ş., Nizami küçəsi, 10);
DİM-in Gəncə Regional Bölməsi
(Gəncə ş., H.Əliyev meydanı, İnzibati bina);
DİM-in Lənkəran Regional Bölməsi
(Lənkəran ş., H.Aslanov xiyabanı, 52);
DİM-in Xaçmaz Regional Bölməsi
(Xaçmaz ş., M.Ə.Rəsulzadə küç., 7b);
DİM-in Şəki Regional Bölməsi
(Şəki ş., M.Rəsulzadə prospekti, 182);
DİM-in Şirvan Regional Bölməsi
(Şirvan ş., M.Rəsulzadə küçəsi, 19);
DİM-in Göyçay Regional Bölməsi
(Göyçay ş., Rauf İsayev küçəsi, 43);
DİM-in Bərdə Regional Bölməsi
(Bərdə ş., H. Əliyev prospekti, 88);

- Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (1.1-ci bənddə göstərilən kateqoriyalara daxil olan abituriyentlər istisna olmaqla), həmçinin xaricdə təhsil alan Azərbaycan Respublikasının vətəndaşları ərizələrini DİM-də və onun regional bölmələrində yaradılmış SQK-larda təsdiq etdirirlər;

- Gürcüstan Respublikasında yaşayan azərbaycanlılar ərizələrini Bakı Dövlət Universitetinin Qazax filialında (Qazax ş., H.Əliyev prospekti, 150) yaradılan SQK-da təsdiq etdirə bilərlər.

Elektron ərizələrini SQK-larda təsdiq etdirməli olan abituriyentlər SQK-ya aşağıdakı sənədləri təqdim edirlər:

- elektron ərizəsinin iş nömrəsi və şəxsi kabinetinin istifadəçi adını (şəxsiyyəti təsdiq edən sənəddə göstərilən Fərdi İdentifikasiya Nömrəsini (FİN));
- tam orta, orta ixtisas və ya ali təhsil haqqında sənədin əslini (orta ixtisas və ya ali təhsil haqqında sənədin əslini təqdim edən abituriyentlər, həmçinin məzunu olduqları ümumi təhsil müəssisəsi tərəfindən verilən, müəyyən olunmuş formada attestat qiymətləri göstərilən arayışı) şəxsiyyətlərini təsdiq edən sənədin əslini:
- Azərbaycan Respublikasının vətəndaşları
(16 yaşı tamam olmayan vətəndaşlar da daxil olmaqla) şəxsiyyət vəsiqələrini;
- Əcnəbilər icazə vəsiqələrini və (və ya) pasportlarını;
- Vətəndaşlığı olmayan şəxslər icazə vəsiqələrini və ya yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədlərini;
-Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini;
- Qaçqın statusu almış şəxslər və onların ailə üzvləri qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədlərini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda, digər sənədləri və ya icazə vəsiqələrini;
Azərbaycan Respublikasında ali təhsil müəssisələrini bitirən abituriyentlər (2012 və ondan sonrakı illərdə ali təhsil müəssisələrini bitirənlər istisna olmaqla) həmin təhsil müəssisələri tərəfindən verilən və ali təhsilinin dövlət hesabına (ödənişsiz) olub-olmamasını təsdiq edən arayışı;
- hərbi bilet və ya çağırışçı şəhadətnaməsini;
- əcnəbilər və xarici ölkələrdə təhsil almış şəxslər yuxarıda qeyd olunan sənədlərlə yanaşı, həmin sənədlərin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini.

1983-2000-ci il təvəllüdlü (2000-ci il iyulun 30-na qədər anadan olmuş) 35 yaşınadək olan çağırışçıların ali təhsil müəssisələrinə sənəd vermək üçün möhlət haqqında arayışı və hərbi sənədlərində bu barədə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatı olmalıdır. Hərbi qeydiyyatın aparılması Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.

Müstəqil Dövlətlər Birliyinə daxil olan dövlətlərin çağırış yaşlı vətəndaşlarının hərbi sənədlərində müvafiq qeydiyyat onların daimi yaşayış yerlərinin hərbi komissarlıqları tərəfindən aparılır.

Qeyd edək ki, qəbul elanın tam mətni, müsabiqə şərtləri və digər zəruri məlumatlar 2 saylı "Abituriyent" jurnalında dərc olunub.