Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-02 00:48:00
“Qadınların sahibkarlıq fəaliyyəti dövlət tərəfindən tam dəstəklənir” - UNEC müəllimi

“Biz bu gün dördüncü sənaye inqilabı dövründə yaşayırıq. Genetika, süni intellekt, robototexnika, nanotexnologiya və biotexnologiya sahələri artıq yenilik deyil. Bir çox peşə və ixtisaslar 5 və ya 10 il əvvəl heç mövcud deyildi. Bu səbəbdən də gənclərin yeni yaranan peşələr və əmək bazarına uyğunlaşması baxımından sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsi çox aktualdır”.

AzEdu.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunan respublika toplantısında çıxış edən  Azərbaycan Dövlət İqtisad Universtetinin müəllimi Fəridə Əsgərzadə bildirib.

Fəridə Əsgərzadə qeyd edib ki, ölkə başçısının apardığı uğurlu iqtisadi siyasət nəticəsində Azərbaycanda biznes mühiti davamlı olaraq yaxşılaşır, istehsal, emal sahələri inkişaf edir və iqtisadiyyatın şaxələnməsi təmin edilir: “Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərinin inkişafına dəstək göstərilir, qanunvericilik bazası təkmilləşdirilir və güzəştli kreditlər verilir. Startap infrastrukturunun inkişafı üçün böyük addımlar atılır. Yüksək texnologiyalar parkları, innovasiya mərkəzləri, biznes inkubasiya mərkəzləri açılır. Gənclər üçün biznes məsləhət xidmətlərinin təşkili və metodiki tövsiyələrin verilməsi mühüm əhəmiyyət kəsb edir.

Gənc sahibkarlığın inkişafının ən vacib komponentlərindən biri beynəlxalq təcrübənin öyrənilməsi, mentallıq və innovasiya xidmətlərinin göstərilməsidir. İnnovativ ideyalara gəldikdə isə, sosial sahibkarlığı xüsusi vurğulamaq lazımdır. Bu sahə gəlir gətirməklə yanaşı, cəmiyyətə fayda verən, yerli və qlobal problemlərin həlli yollarını tapmağa təsir göstərməyə malik sahibkarlıq konsepsiyasıdır. Mənim “Human Foundation”u yaratmağıma bu düşüncə səbəb olub. Bizim məqsədimiz sosial sahibkarlıq platforması vasitəsilə gənclərə sosial biznes, mədəni layihələrin həyata keçirilməsi üçün şərait yaratmaq, hər kəs üçün bərabər imkanları dəstəkləməkdir.

Dövlətin dəstəyi bizi ətrafımızda çox sadə gəncləri toplamağa həvəsləndirdi və bu qarşılıqlı dəstək dairəsi bu gün getdikcə genişlənir. Son dövrlərdə yaradılmış sahibkarlıq subyektlərinə diqqət yetirəndə burada qadınların sayının artdığını müşahidə edirik. Azərbaycan çox azsaylı ölkələrdən biridir ki, qadınların sahibkarlıq fəaliyyəti dövlət tərəfindən tam dəstəklənir və inkişaf üçün bütün şərait yaradılır. Mənim fəaliyyətim bunun bir nümunəsidir. 21 yaşımdan etibarən sahibkar kimi, 23 yaşımdan isə universitetdə müəllim kimi çalışmağa başlamışam. Sevindirici haldır ki, mənim fəaliyyətim və ideyalarım müxtəlif təşkilat və dövlət qurumları tərəfindən dəstəklənib. Sahibkarlıq sahəsində həm elmi, həm praktiki fəaliyyət göstərməyim dövlətimizin yaratdığı şərait nəticəsində mümkün olub.

Əziz Mehriban xanım, Sizin ictimai fəaliyyətiniz, sosial sahədə gördüyünüz işlər, insanpərvərliyiniz və işgüzarlığınız nəinki mənə, bütün gənc azərbaycanlı qadınlara örnəkdir.

Hörmətli gənclər, bu gün ölkəmizdə cənab Prezident tərəfindən həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində gənclərin sahibkarlıq fəaliyyəti ilə məşğul olması və məşğulluğun təmin olunması üçün münbit şərait yaranmışdır. Biz gənclər bu işdə cənab Prezidentin bizə göstərdiyi etimadı doğrultmalı və yeni ideyalarla Azərbaycanın daha da inkişafı üçün birlikdə çalışmalıyıq. Azərbaycanda hər bir gənc parlaq uğura nail ola bilər. Biz hər zaman uğur qazanmaq istəyiriksə, elə bu gün başlamalıyıq. Gənclər günümüzü təbrik edirəm.

Hörmətli cənab Prezident, bizə yaratdığınız şərait və dəstək üçün Sizə gənc sahibkarlar adından dərin minnətdarlığımı bildirirəm. Sizi əmin etmək istəyirəm ki, biz Azərbaycanın daha da güclənməsi naminə əzmlə çalışacağıq”.