Azedu.az

Mehriban Əliyevanın təşəbbüsü ilə həkimlərin maaşı artırılır 

Hadisə

2 Sentyabr 2026, 13:42
Mehriban Əliyevanın təşəbbüsü ilə həkimlərin maaşı artırılır 

“Tibb işçilərinin əməkhaqlarının artırılması yalnız onların sosial rifahının yaxşılaşdırılması deyil, bütövlükdə səhiyyənin ən qiymətli resursu olan insan kapitalına qoyulan sərmayədir”.

AzEdu.az Modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov tibb işçilərinin əməkhaqlarının artırılması təşəbbüsünü şərh edərkən bildirib.

Deputat Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Prezident İlham Əliyevin müvafiq tapşırığı ilə həyata keçiriləcək bu addımı müsbət və strateji əhəmiyyətli qərar kimi qiymətləndirib.

“Mehriban xanım Əliyevanın təşəbbüsü və cənab Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən bu islahat yalnız həkimlərin və digər tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması demək deyil. Bu, bütövlükdə səhiyyənin ən qiymətli resursu olan insan kapitalına qoyulan sərmayədir. Əməkhaqqının artırılması zamanı iş yükü, ixtisas və regionlarda mövcud kadr ehtiyacı nəzərə alınaraq diferensial yanaşmanın tətbiqi həkimlərin motivasiyasına, peşəkar kadrların sistemdə saxlanmasına və regionlara cəlb edilməsinə müsbət təsir göstərə bilər. Yaxşı tibbi xidmət yalnız müasir bina və avadanlıqla deyil, ilk növbədə bilikli, təcrübəli və əməyinin qarşılığını görən tibb işçisi ilə mümkündür”, – Rəşad Mahmudov vurğulayıb.

Komitə sədrinin müavini qeyd edib ki, tibbi xidmətin keyfiyyəti yalnız əməkhaqqından asılı deyil:

“Davamlı tibbi təhsil, düzgün idarəetmə, müasir infrastruktur, əlverişli iş şəraiti və keyfiyyətə nəzarət də paralel şəkildə inkişaf etdirilməlidir. Ancaq tibb işçisinin əməyinin layiqincə qiymətləndirilməsi bütün bu prosesin əsas şərtlərindən biridir”.

Rəşad Mahmudovun sözlərinə görə, tibb işçilərinə yönəldilən vəsait nəticə etibarilə vətəndaşların daha keyfiyyətli xidmət almasına hesablanıb:

“Bu gün tibb işçisinə edilən investisiya sabah Azərbaycanın ən ucqar regionunda yaşayan vətəndaşın daha keyfiyyətli tibbi xidmət almasına yönəlmiş investisiyadır”.

Rus ordusu Ermənistandan çıxacaq! - Putindən kritik açıqlama
Son xəbərlərDaha çox