Azedu.az

 Dövlət Proqramı qalibləri ilə görüş keçirilib

AzEdu Təhsil Platforması

4 Avqust 2026, 13:51
 Dövlət Proqramı qalibləri ilə görüş keçirilib

4 avqust tarixində 2026/2027-ci tədris ili üzrə Dövlət Proqramı təqaüdçüsü adını qazanan şəxslərlə görüş çərçivəsində proqram iştirakçılarına xaricdə təhsilə hazırlıq, qarşıdakı mərhələlər və öhdəliklər, ictimai təmsilçilik, eləcə də akademik və peşəkar inkişaf imkanları barədə ətraflı məlumat və tövsiyələr verilib.
 
AzEdu.az xəbər verir ki, ADA Universitetində baş tutan tədbir Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Dövlət Proqramı İdarəetmə Qrupunun təşkilatçılığı ilə keçirilib.
 
Tədbirin məqsədi 2026/2027-ci tədris ili üzrə Dövlət Proqramı qaliblərini qarşıdakı təhsil mərhələsinə hazırlamaq, proqram çərçivəsində yaradılan imkanlar və müəyyən edilmiş öhdəliklər barədə məlumatlandırmaq, həmçinin iştirakçıların mövcud suallarını cavablandırmaq olub.
 
Açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini Həsən Həsənli və Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktorunun müavini Rövşən Cavadov çıxış ediblər. Çıxışlarda Dövlət Proqramının ölkəmizin insan kapitalının inkişafındakı rolu, gənclərə göstərilən yüksək etimad və proqram iştirakçılarının gələcək fəaliyyətinə dair gözləntilər diqqətə çatdırılıb.
 
Tədbirdə çıxış edən Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Qədir Xəlilov 2026/2027-ci tədris ili üzrə Dövlət Proqramına qəbula dair  statistik göstəriciləri təqdim edib. O bildirib ki, təqaüdçülərin seçimi namizədlərin bilik və bacarıqlarının, motivasiyasının, məqsədyönlülüyünün və ümumi hazırlıq səviyyəsinin kompleks qiymətləndirildiyi rəqabətli seçim prosesinə əsaslanır. 

Daha sonra Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini Ayla Həsənova-Məmmədova gəncləri xaricdə təhsil dövründə beynəlxalq platformalarda ölkəmiz haqqında həqiqətləri yaymaqda təşəbbüskar olmağa çağırıb, onların ictimai müzakirələrdə məsuliyyətli mövqe nümayiş etdirməsinin əhəmiyyətini vurğulayıb.

Tədbirin davamında Diasporla İş üzrə Dövlət Komitəsinin Avropa ölkələri şöbəsinin müdir müavini Orxan Kərimov isə xaricdə yerli azərbaycanlı icmaları ilə əlaqələrin qurulması, ölkəmizin tarixi, mədəniyyəti və müasir inkişafı haqqında məlumatların düzgün çatdırılması, eləcə də gənclərin ictimai təşəbbüslərdə fəal iştirakının önəmindən söz açıb. 

Görüşdə Dövlət Proqramı məzunlarının yeni qaliblərlə təcrübə paylaşımına da yer verilib. Böyük Britaniyanın “Imperial College London” universitetində ictimai səhiyyə ixtisası üzrə təhsil almış Aydan Poladova və Amerika Birləşmiş Ştatlarının “University of Michigan–Ann Arbor” universitetində dövlət idarəetməsi ixtisası üzrə təhsil almış Raul Məmmədov xaricdə təhsil müddətində qazandıqları akademik və şəxsi təcrübələrini, eyni zamanda peşəkar inkişaf imkanları barədə fikirlərini iştirakçılarla bölüşüblər.

Dövlət Proqramı İdarəetmə Qrupunun proqram iştirakçıları ilə iş üzrə mütəxəssisi Nərmin Bünyatova isə xaricdə təhsilə hazırlıq və növbəti addımlar barədə təqdimatla çıxış edib.

Tədbirin sonunda Dövlət Proqramı iştirakçılarının xaricdə təhsil və maliyyələşmə məsələlərinə dair sualları cavablandırılıb.

Azərbaycanda vəzifəli şəxslər həbs edildi
Son xəbərlərDaha çox