Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-28 13:57:00
Alimlər üçün yeni stadion istifadəyə verildi   

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunun həyətində ministadionun açılışı olub.

İnstitutdan AzEdu.az-a bildirilib ki, açılışda institutun direktoru, akademik Nazim Məmmədov, elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov, AMEA Rəyasət Heyəti Azad Həmkarlar İttifaqının (AHİ) sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov və Həmkarlar Komitəsinin (HK) sədri, fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırova iştirak ediblər.

Mərasimdə institutun direktoru, akademik Nazim Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb. Vurğulayıb ki, dövlətin bu qayğısını əsas götürərək Fizika İnstitutu əməkdaşlarının, onların ailə üzvlərinin, gənc mütəxəssislərin asudə vaxtlarını səmərəli keçirmələri üçün Həmkarlar Komitəsinin təşkilatçılığı ilə ministadion istifadəyə verilib.

AMEA Rəyasət Heyəti Azad Həmkarlar İttifaqının (AHİ) sədri Habil Qurbanov qeyd edib ki, Fizika İnstitutu elm sahəsində beynəlxalq səviyyədə nailiyyətlər qazandığı kimi, AMEA-da idmanın mərkəzi hesab olunur. O, institut əməkdaşlarının övladları üçün futbol komandası yaradılması və həmin komandanın ministadionda məşqçi nəzarəti ilə məşq keçməsi təklifini irəli sürüb.

Həmkarlar Komitəsinin sədri Sitarə Bağırova mini stadionun hazırlıq prosesi barədə geniş məlumat verib. Bildirib ki, stadionda badminton, minivoleybol, minibasketbol və institutun futbol komandasının məşqləri üçün hərtərəfli şərait yaradılıb. İnstitutun əməkdaşları, onların ailə üzvləri işdən sonra, şənbə və bazar günləri ministadiondan istifadə edə bilərlər.