2025/2026-cı tədris ilinin yaz semestri üzrə təhsil tələbə kreditlərinə müraciət prosesi yekunlaşıb.
Maraqlıdır, 2025-2026-cı tədris ilinin yaz semestri üzrə təhsil tələbə krediti üçün neçə müraciət daxil olub?
Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Təhsil Tələbə Krediti Fonduna (TTKF) sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq bildirilib ki, geridə qoyduğumuz 2025/2026-cı tədris ilinin hər iki semestri üzrə Təhsil Tələbə Krediti Fonduna məxsus e-ttkf.edu.az elektron portalı vasitəsilə 31 mindən çox müraciət qəbul olunub:
"Bu müraciətlər əsasında 27 mindən çox təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib. Bunlardan da 9 mindən çoxu sosial növ, 18 minə yaxını isə standart növ təhsil tələbə kreditidir.
Cari tədris ilinin yaz semestri üzrə isə 8 mindən çox standart növ, 4 mindən çox sosial növ təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib.
Gender bölgüsü üzrə statistik göstəricilər də diqqətçəkəndir. Belə ki, 2025/2026-cı tədris ili ərzində hər iki semestrdə qadın tələbələr üzrə 18 mindən çox, kişi tələbələr üzrə isə 9 minə yaxın təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib.
Ümumilikdə, 2025/2026-cı tədris ili üzrə rəsmiləşdirilmiş müqavilələrdə qadın tələbələrin payı təxminən 67 faiz təşkil edir ki, bu da onların təhsil tələbə kreditlərindən daha fəal şəkildə yararlandıqlarını göstərir.
Yaz semestri üzrə isə qadın tələbələr arasında 9 mindən çox, kişi tələbələr arasında isə 4 mindən çox kredit müqaviləsi bağlanıb".
Qeyd edək ki, 2025/2026-cı tədris ilinin yaz semestri üzrə təhsil tələbə kreditlərinə müraciət qəbulu 30 iyun tarixində başa çatıb. 2026/2027-ci tədris ili üzrə müraciət dövrü ilə bağlı ətraflı məlumat yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.