İyulun 8-də Heydər Əliyev Sarayında “SABAH-ın Məzunu 2026” tədbiri keçirilib.
Tədbirdə dövlət və özəl qurumların rəsmiləri, millət vəkilləri, ali təhsil müəssisələrinin rektorları, müəllim və tələbələr, eləcə də digər qonaqlar iştirak ediblər.
AzEdu.az xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları SABAH məzunlarının nailiyyətlərini əks etdirən sərgi ilə tanış olublar.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, SABAH qrupları Azərbaycan ali təhsil sisteminin brendinə çevrilib və ölkədə ali təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılmış ən mühüm addımlardan biridir. Nazir vurğulayıb ki, SABAH layihəsi Azərbaycan ali təhsilinin islahat hekayəsidir və onun əsas məqsədi ali təhsil müəssisələrində keyfiyyətli təhsil almaq istəyən gənclər üçün inkişaf mühiti formalaşdırmaqdır. Nazirin sözlərinə görə, layihə ali təhsilin və məzunların keyfiyyətinə müsbət təsir göstərib, ötən ildən etibarən isə tələbələrin I kursdan SABAH qruplarına qəbuluna başlanılıb.
Tədbir SABAH qruplarının fəaliyyəti haqqında videoçarx nümayiş etdirilməsi ilə davam edib.
Tədbirdə SABAH məzun tədbirinin hər il təkrarlanan bir ənənəsi – rəmzi SABAH açarının hazırkı məzunlardan növbəti ilin məzunlarına ötürülməsi baş tutub.
Daha sonra ən yüksək göstəriciləri ilə fərqlənən SABAH məzunları ali təhsil müəssisələrinin rektorları tərəfindən təltif olunublar.
Tədbirdə çıxış edən 2018-ci il UNEC SABAH məzunu, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ülviyyə Axundova bildirib ki, SABAH qruplarında təhsil alması onun peşəkar inkişafına mühüm töhfə verib. O, SABAH qruplarının tələbələrə müasir bilik və bacarıqlar qazandıraraq onların gələcək karyera uğurlarına geniş imkanlar yaratdığını vurğulayıb.
Tədbir çərçivəsində SABAH qrupları tələbələrinin ifasında musiqi nömrələri də səsləndirilib.
Qeyd edək ki, 2025/2026-cı tədris ilində 11 ali təhsil müəssisəsi üzrə 1285 bakalavr və 452 magistrın SABAH qruplarından məzun olması nəzərdə tutulur. Hazırda Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin SABAH qrupları layihəsi 13 ali təhsil müəssisəsini, 8 ixtisas istiqaməti üzrə 71 ixtisas və ixtisaslaşmanı, bakalavriat və magistratura səviyyələri üzrə 2785 tələbəni və 8212 məzunu əhatə edir.