Azedu.az

Yayda uşaqlara verilən qidalarda gizli təhlükə - Pediatrdan XƏBƏRDARLIQ

AzEdu Təhsil Platforması

8 İyul 2026, 12:17
Yayda uşaqlara verilən qidalarda gizli təhlükə - Pediatrdan XƏBƏRDARLIQ

"Uşaqlarda yay menyusunda bir-biri ilə qətiyyən yeyilməməli olan qida kombinasiyaları deyə bir anlayış yoxdur. Yəni elmi cəhətdən sübut olunmuş, "qəti olmaz", "əsla verməyin" deyilən bir kombinasiya mövcud deyil".

Bu fikirləri AzEdu.az-a açıqlamasında pediatr Şəlalə Poluxova deyib.

Onun sözlərinə görə, yay fəslində əsas diqqət qidaların bir-biri ilə uyğunluğuna deyil, onların saxlanma şəraitinə və gigiyena qaydalarına yönəldilməlidir:

"Yay fəslində hava isti olur və bu da bakteriyaların sürətlə çoxalması üçün əlverişli mühit yaradır. Buna görə də əsas məsələ həmin kombinasiyanı təşkil edən qidaların təzə olması, təmizlik qaydalarına maksimum dərəcədə riayət edilməsi və düzgün hazırlanmasıdır.

Məsələn, böyüklər arasında "balıqla süd məhsulları olmaz", "balıqla yemiş yemək olmaz", "yesən qarnın ağrıyar" kimi fikirlər geniş yayılıb. Əslində isə bu kombinasiyaların hər hansı xəstəlik yaratdığını təsdiqləyən elmi mənbə yoxdur.

Əsas məsələ həmin qidaların düzgün saxlanılması və hazırlanmasıdır. Bişmiş yeməklər yay aylarında otaq temperaturunda maksimum 2 saat saxlanılmalıdır. Süd məhsullarında isə bu müddət daha qısadır və 1 saatdan artıq otaq temperaturunda qalması tövsiyə edilmir. Çünki isti havada bakteriyalar daha sürətlə çoxalır və bu, təkcə uşaqlar üçün deyil, hər kəs üçün qida təhlükəsizliyi baxımından risk yaradır.

Bundan əlavə, ət və ət məhsulları üçün istifadə olunan kəsmə taxtasında meyvə və tərəvəz doğramaq düzgün deyil. Həmçinin bu məhsullar üçün istifadə olunan bıçaqlar da ayrı olmalıdır. Bunlar kiçik detallar kimi görünsə də, qida təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyır".

Pediatrın sözlərinə görə, meyvə-tərəvəz və göyərtilər yuyularkən də diqqətli olmaq lazımdır:

"Su mənbələrindən istifadə zamanı ehtiyatlı olmaq vacibdir. Valideynlər kənddə və digər yerlərdə olan durğun su mənbələrindən istifadə etməməlidirlər. Yeməklərin hazırlanması zamanı da belə sulardan qətiyyən istifadə olunmamalıdır. Mümkün qədər uşaqlar üçün qaynadılmış və ya filtrdən keçirilmiş sudan istifadə edilməlidir. Ümumilikdə gigiyena qaydalarına ciddi əməl olunmalıdır.

Meyvə və tərəvəzlərin saxlanma şəraiti də önəmlidir. Onlar soyuducuda saxlanılmalıdır. Əgər uzaq səfərə və ya piknikə gedilirsə, soyuducu çantalardan istifadə etmək daha məqsədəuyğundur. Yəni diqqət qida kombinasiyalarından daha çox, həmin qidaların saxlanma şəraitinə, təmizliyə və gigiyena qaydalarına yönəldilməlidir.

Meyvə-tərəvəz və göyərtilər yuyularkən çox diqqətli olmaq lazımdır. Bu qaydalara əməl edilmədikdə qida zəhərlənmələri, qastroenterit və digər bu kimi hallarla daha tez-tez rastlaşmaq mümkündür.

Həmçinin, xüsusilə yay aylarında küçədə satılan fast-food tipli qidalardan uzaq durmaq tövsiyə olunur. Dəfələrlə istifadə olunan bitki yağında qızardılmış kartof, mayonezli qidalar, kremli tort və şirniyyatlarda bakteriyaların çoxalma riski daha yüksək olur. Buna görə də uşaqlara mümkün qədər ev şəraitində hazırlanmış qidalar verilməlidir. Hazırlanmış yeməklər də otaq temperaturunda 1-2 saatdan artıq saxlanılmamalı, soyuducuda mühafizə olunaraq uşağa təqdim edilməlidir".

Türkiyədə Trampdan şok qərar - İrana ağır zərbə endirin!
Son xəbərlərDaha çox