Azedu.az

Altı gün, minlərlə müəllim, eyni həyəcan - Sertifikasiyanın görünməyən üzü - REPORTAJ

AzEdu Təhsil Platforması

3 İyul 2026, 12:29
Altı gün, minlərlə müəllim, eyni həyəcan - Sertifikasiyanın görünməyən üzü - REPORTAJ

17 iyun, saat 08:20

Bakının səhəri hələ tam isinməmişdi. Küçələrdə adi iş gününün tələskənliyi hiss olunsa da, 161 nömrəli tam orta məktəbin qarşısında tamam başqa mənzərə vardı. Məktəbin həyətinə daxil olan hər kəs anlayırdı ki, burada keçirilən sadəcə növbəti imtahan deyil. Burada illərini sinif otaqlarında keçirən, minlərlə şagird yetişdirən müəllimlər öz bilik və bacarıqlarını nümayiş etdirmək üçün toplaşmışdılar.

Həyətdə sakitliklə həyəcan bir-birinə qarışmışdı. Kimisi əlindəki sənədləri son dəfə gözdən keçirir, kimisi telefonundakı qeydlərə baxırdı. Bir qrup müəllim metodika ilə bağlı sualları müzakirə edir, digərləri isə sakitcə bir kənarda dayanaraq imtahan zalına daxil olacaqları anı gözləyirdi.

İllərlə “Narahat olmayın, bacaracaqsınız”, “Vaxtınızı düzgün bölün”, “Sualları diqqətlə oxuyun” deyərək şagirdlərini imtahana yola salan müəllimlər bu dəfə həmin sözləri özlərinə pıçıldayırdılar.

Həyətdə eşidilən söhbətlər də fərqli idi: “Ən çox metodika hissəsi düşündürür", “İxtisasdan qorxmuram, əsas odur ki, həyəcana qalib gəlim", “Neçə aydır hazırlaşıram. İnşallah, zəhmətimiz yerdə qalmaz".

Bu cümlələr demək olar ki, hər tərəfdən eşidilirdi.

AzEdu.az olaraq sertifikatlaşdırmanın ilk günündən prosesi yerində izləmək üçün 161 nömrəli tam orta məktəbdə idik.

186358

Məqsədimiz təkcə statistik məlumatları təqdim etmək deyil, həm də prosesin görünməyən tərəflərini- müəllimlərin hisslərini, yaşadıqları gərginliyi və ümidlərini oxuculara çatdırmaq idi.

Həmin gün Azərbaycan dili, Azərbaycan dili və ədəbiyyatı, rus dili, rus dili və ədəbiyyatı, fransız dili və alman dili müəllimləri sertifikatlaşdırmanın test mərhələsində iştirak edirdilər. İmtahanın başlamasına az qalmış müəllimlər bir-birilərinə uğurlar arzulayır, “Yüksək bal yığarsan”, “İnşallah nəticən əla olar” deyərək həmkarlarına mənəvi dəstək olurdular. Uzun illər eyni məktəbdə çalışan müəllimlərin bir-birini qucaqlayıb uğur diləməsi də diqqətdən yayınmırdı.

Bəzi müəllimləri ailə üzvləri də məktəbə qədər müşayiət etmişdi. Valideynlərini imtahana yola salan övladların baxışlarında da qəribə həyəcan hiss olunurdu. Rollar dəyişmişdi. Bu dəfə şagirdlər deyil, müəllimlər imtahan verirdilər.

Məktəbin girişində təhlükəsizlik tədbirləri gücləndirilmişdi. İştirakçılar sənədləri yoxlanıldıqdan sonra imtahan zalına buraxılırdı. Könüllülər müəllimlərə zalların yerini göstərir, nəzarətçilər isə son təlimatları verirdilər.

Elektron imtahan sistemi problemsiz işləyirdi. Kompüterlər əvvəlcədən hazırlanmış, hər iş masası nömrələnmişdi. Müəllimlər yerlərini tutduqdan sonra imtahan qaydaları bir daha xatırladıldı.

Saat 10:00-da qapılar bağlandı və ilk sessiya başladı.

Məktəbin həyətində isə jurnalistlər, təşkilatçılar və müəllimlərin yaxınları nəticələri gözləməyə başladılar.

İmtahan başlamazdan əvvəl Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İmtahan və Qiymətləndirmə şöbəsinin müdiri Nurlan İsmayılbəyli jurnalistlərə açıqlamasında bildirdi ki, sertifikatlaşdırma ölkənin 23 şəhər və rayonunda yerləşən imtahan mərkəzlərində təşkil olunur.

186356

Onun sözlərinə görə, bu il tarix, coğrafiya, musiqi, texnologiya və təsviri incəsənət müəllimləri ilk dəfə sertifikatlaşdırmaya cəlb edilirlər.

Nurlan İsmayılbəyli qeyd etdi ki, ilk gün üzrə davamiyyət 98 faiz təşkil edir. Bu da müəllimlərin prosesə böyük məsuliyyətlə yanaşdıqlarını göstərir.

O, həmçinin vurğuladı ki, sertifikatlaşdırmanın əsas məqsədi müəllimlərin peşəkar inkişafını dəstəkləməkdir. Bu proses nəticəsində yüksək nəticə göstərən müəllimlərin əməkhaqlarına əlavələr edilir, ilk cəhddə uğur qazana bilməyənlər isə dövlət hesabına təşkil olunan ödənişsiz təlimlərə cəlb olunurlar.

Nəhayət, ilk müəllimlər imtahan zalından çıxmağa başladılar.

Bəzilərinin üzündə rahatlıq hiss olunurdu. Onlar gülümsəyərək həmkarlarına “Pis keçmədi”, “Suallar düşündüyümüz qədər çətin deyildi” deyirdilər. Digərləri isə sualları xatırlayaraq cavablarını müqayisə edir, seçdikləri variantları müzakirə edirdilər. Bir müəllim sevincini gizlədə bilmirdi: “Aylarla hazırlaşmışdım. İmtahan gözlədiyimdən rahat keçdi".

Başqa biri isə gülümsəyərək dedi: “Şagirdlərə həmişə deyirdim ki, həyəcana qalib gəlin. Bu gün başa düşdüm ki, bunu demək asandır, yaşamaq isə tamam başqadır".

İmtahandan çıxan müəllimlərin əksəriyyəti təşkilatçılıqdan razılıq edirdi. Onlar prosesin şəffaf və rahat keçdiyini, texniki problemlə qarşılaşmadıqlarını bildirirdilər.

Günün sonunda məlum oldu ki, sertifikatlaşdırmanın ilk günündə 606 müəllim iştirak edib. Davamiyyət isə 98 faiz təşkil edib.

Beləliklə, sertifikatlaşdırmanın ilk günü geridə qaldı. Qarşıda isə daha beş gün vardı. Hər gün yeni fənlər, yeni müəllimlər, yeni həyəcanlar və yeni uğur hekayələri ilə yadda qalacaqdı.

 

186359

 

18636018 iyun, saat 08:15

Sertifikatlaşdırmanın ikinci günü də 161 nömrəli tam orta məktəbin həyətində erkən saatlardan canlanma hiss olunurdu. Bir gün əvvəl yaşanan həyəcan sanki bu gün də eyni gücü ilə davam edirdi. Bu dəfə məktəbin həyətində daha fərqli simalar görünürdü. Əllərində rəsm qovluqları gəzdirən təsviri incəsənət müəllimləri, musiqidən söhbət açan pedaqoqlar, fizika, kimya və biologiya müəllimləri eyni məkanda bir araya gəlmişdilər.

Saat hələ doqquzu göstərmirdi. Məktəbin girişində müəllimlər növbə ilə sənədlərini təqdim edir, qeydiyyatdan keçərək imtahan zalına doğru addımlayırdılar. Kənardan baxanda hər şey adi görünürdü. Amma onların üz ifadələri, baxışları və aralarında pıçıldaşmaları bu günün onlar üçün nə qədər önəmli olduğunu açıq şəkildə göstərirdi.

Xüsusilə təsviri incəsənət və musiqi müəllimləri üçün bu gün fərqli idi. Çünki onlar ilk dəfə sertifikatlaşdırma prosesində iştirak edirdilər. Uzun illər məktəblərdə çalışan, yüzlərlə şagirdə rənglərin dilini, musiqinin gözəlliyini öyrədən müəllimlər bu dəfə öz biliklərini qiymətləndirmək üçün imtahan masası arxasına keçəcəkdilər.

Məktəbin həyətində söhbətləşdiyimiz müəllimlərdən biri gülümsəyərək dedi: “Şagirdlərə həmişə deyirdik ki, imtahandan qorxmayın. Bu gün özümüz həmin hissləri yaşayırıq. Həyəcan var, amma özümüzə inanırıq".

Başqa bir müəllim isə qeyd edirdi ki, sertifikatlaşdırma onun üçün sadəcə qiymətləndirmə deyil, həm də illərlə qazandığı təcrübənin təsdiqidir.

Son dəqiqələr…

İmtahana bir neçə dəqiqə qalmış gərginlik daha da hiss olunurdu. Telefonlar söndürülür, sənədlər son dəfə yoxlanılır, müəllimlər isə zalın qarşısında gözləyirdilər.

Bəziləri sakit görünməyə çalışsa da, əllərinin əsdiyi hiss olunurdu. Kimisi dərin nəfəs alır, kimisi isə pəncərədən həyətə baxaraq fikirlərini toplamağa çalışırdı.

İmtahan nəzarətçiləri iştirakçılara qaydaları izah etdikdən sonra müəllimlər yerlərini tutdular və kompüterlər qarşısında əyləşdilər.

Qapılar bağlandı.

İmtahan davam etdiyi saatlarda maraqlı mənzərə yaranmışdı. Bəzi müəllimlərin həyat yoldaşları, övladları və yaxınları məktəbin qarşısında onları gözləyirdi.

Bir ana qızının imtahandan çıxmasını səbirsizliklə gözləyirdi. “Dünən gecəyə qədər hazırlaşırdı. İnşallah, zəhməti hədər getməz".

Həmin an hiss olunurdu ki, bu imtahan təkcə müəllimlərin deyil, ailələrinin də həyəcanı idi.

Saat 12:00 tamam oldu.

186364

İlk müəllimlər zaldan çıxmağa başladılar. Onların üz ifadələrindən gərginliyin artıq geridə qaldığı hiss olunurdu. Bəziləri həyətə çıxan kimi dərindən nəfəs aldı. Bəziləri isə telefonunu çıxarıb ilk olaraq ailəsinə zəng etdi.

“Çox şükür, yaxşı keçdi".

“Suallar düşündüyümdən rahat idi".

“Metodika hissəsində bir az düşündüm, amma ümumilikdə razı qaldım".

Bu cümlələr demək olar ki, hər tərəfdən eşidilirdi.

Əlbəttə, bütün müəllimlər eyni fikirdə deyildi. Bəziləri müəyyən sualların daha düşündürücü olduğunu bildirir, bəziləri isə vaxt bölgüsünün düzgün aparılmasının nəticəyə ciddi təsir etdiyini vurğulayırdı. Lakin əksəriyyət bir məsələdə həmfikir idi: imtahan proqram çərçivəsində hazırlanmış, proses isə şəffaf təşkil olunmuşdu.

İmtahandan çıxan müəllimlərin səmimi münasibəti də diqqətdən yayınmırdı. Kimisi həmkarını qucaqlayır, kimisi “Səndən yüksək bal gözləyirəm” deyərək zarafat edirdi. Uzun illər eyni kollektivdə çalışan müəllimlərin bu doğma münasibəti məktəbin həyətində xoş ovqat yaradırdı. 

Sertifikatlaşdırmanın ikinci günündə təsviri incəsənət, musiqi, fizika, kimya və biologiya müəllimləri imtahan verdilər.

Ümumilikdə 3548 müəllim sertifikatlaşdırmanın test mərhələsində iştirak etdi. Bu göstərici prosesə olan yüksək marağın və müəllimlərin məsuliyyət hissinin daha bir göstəricisi idi.

186363

186362

19 iyun, saat 08:10

Sertifikatlaşdırmanın üçüncü günü…

Artıq 161 nömrəli tam orta məktəbin həyəti bu prosesin ritminə uyğunlaşmışdı. Bir neçə gündür eyni saatlarda burada yaşanan canlanma sanki məktəbin gündəlik həyatının ayrılmaz hissəsinə çevrilmişdi. Amma müəllimlərin üzünə baxanda bir həqiqət dəyişmirdi: imtahan həyəcanı heç kimə güzəşt etmirdi. Artıq ilk günlərdə imtahan verən müəllimlər yeni gələn həmkarlarına məsləhətlər verir, onları sakitləşdirməyə çalışırdılar.

“Vaxtı düzgün böl", “Əvvəl bildiyin sualları cavablandır", “Bir suala ilişib qalma", “Ən əsası isə həyəcana qalib gəl".

Bu cümlələr gün ərzində bəlkə də yüz dəfələrlə təkrar olunurdu.

Nəzarətçilər iştirakçıları zallara dəvət etməyə başladılar. Bir neçə dəqiqə əvvəl söhbət edən müəllimlər artıq susmuşdular.  Kompüter otaqlarına daxil olan müəllimlər öz yerlərini tutdular. Son dəfə şəxsiyyət vəsiqələri yoxlanıldı, qaydalar izah edildi.

Saat 10:00-da imtahan başladı. 12:00-da isə müəllimlər imtahan zalından çıxmağa başladılar.

Bir neçə saat əvvəl üzlərində hiss olunan gərginliyin yerini indi rahatlıq almışdı.

Bəziləri telefonuna sarıldı.

“Ana, çox şükür, yaxşı keçdi.”

“Məncə, yüksək bal yığacağam.”

“İxtisas hissəsi rahat idi.”

Başqa bir müəllim isə zarafatla dedi:

“İndi başa düşdüm ki, şagirdlər niyə imtahandan çıxan kimi su axtarırlar.”

Bu sözlər həyətə toplaşanların gülüşünə səbəb oldu.

Bir neçə saat əvvəl hiss olunan gərginlik artıq arxada qalmışdı.

Üçüncü günün sonunda müəllimlərin əksəriyyəti təşkilati məsələlərin yüksək səviyyədə qurulduğunu bildirirdi. Onların sözlərinə görə, imtahan prosesi ərzində elektron sistemdə hər hansı texniki problem yaşanmayıb, qaydalara ciddi əməl olunub. Nəzarətçilər iştirakçıların suallarını operativ cavablandırır, texniki heyət isə fasiləsiz çalışırdı. Bu da müəllimlərdə prosesə olan etimadı daha da gücləndirirdi.

Sertifikatlaşdırmanın üçüncü günü ölkə üzrə 4228 müəllim test mərhələsində iştirak etdi.

23 iyun, saat 08:00

Üç günlük fasilədən sonra 161 nömrəli tam orta məktəbin həyəti yenidən müəllimlərin səsi ilə dolmuşdu. Məktəbin qapıları tam açılmamış həyətin qarşısında xeyli insan toplaşmışdı. Sanki hər kəs eyni hissi yaşayırdı: həyəcan, ümid və nəticəyə inam.

Bu dəfə riyaziyyat, coğrafiya, informatika, ingilis dili və ibtidai sinif müəllimləri sertifikatlaşdırmanın test mərhələsində iştirak edirdilər.

Səhər tezdən gələn müəllimlərdən bəziləri əlində qəhvə, bəziləri su, digərləri isə son qeydlərini nəzərdən keçirirdi. Kimisi kompüterdə işlədiyi sınaq testlərini xatırlayır, kimisi metodika mövzularını həmkarı ilə müzakirə edirdi.

Ətrafı seyr etdikdə maraqlı mənzərə yaranırdı. Bir tərəfdə iyirmi ilə yaxındır müəllim işləyən təcrübəli pedaqoqlar, digər tərəfdə isə cəmi bir neçə illik iş stajı olan gənc müəllimlər eyni məqsəd üçün bir araya gəlmişdilər. Təcrübələri fərqli olsa da, imtahan öncəsi hisslər hamı üçün eyni idi.

Diqqət çəkən qruplardan biri də ibtidai sinif müəllimləri idi. Uşaqların ilk müəllimi, ilk nümunəsi, ilk məktəb xatirəsinin memarı olan bu pedaqoqlar deyirdilər ki, sertifikatlaşdırma onların peşələrinə olan məsuliyyət hissini daha da artırır.

Müəllimlərdən biri gülümsəyərək dedi: “İllərlə birinci sinif şagirdlərinin əlindən tutub onları məktəbə öyrətmişik. Bu gün isə özümüz imtahan zalına ilk dəfə gedən şagird kimi həyəcanlanırıq".

Bir qədər aralıda toplaşan riyaziyyat müəllimlərindən kimisi son dəfə düsturları xatırlayır, digəri ehtimal nəzəriyyəsi ilə bağlı müzakirə aparırdı.

Söhbətləşdiyimiz müəllimlərdən biri isə maraqlı fikir səsləndirdi: “Bu gün düsturlardan daha vacib olan sakit qalmaqdır. Həyəcan bəzən ən sadə hesablamanı belə unutdurur".

İngilis dili müəllimləri isə daha çox metodika suallarından danışırdılar.

Onların fikrincə, ixtisas hissəsi illərlə qazandıqları biliklərə əsaslanırdı. Əsas məsələ həmin bilikləri düzgün tətbiq etmək idi.

Bir müəllim dedi:

“Bu imtahan sadəcə nə bildiyini yox, onu necə öyrətdiyini də qiymətləndirir.”

Bu fikir sertifikatlaşdırmanın mahiyyətini ən dəqiq ifadə edən cümlələrdən biri idi.

Saat 10:00…

Qapılar bağlandı.

Müəllimlər zallara daxil olduqdan sonra məktəbin həyətində yenidən sakitlik yarandı. Bir neçə dəqiqə əvvəl insanlarla dolu olan dəhlizlərdə artıq yalnız nəzarətçilərin addım səsləri eşidilirdi.

Məktəbin qarşısında gözləyən yaxınlar isə hər çıxan əməkdaşa baxaraq imtahanın bitməsinə nə qədər vaxt qaldığını soruşurdular.

Saat 12:00…

İlk müəllimlər binadan çıxmağa başladılar.

Onların üzündə həm yorğunluq, həm də rahatlıq hiss olunurdu.

Müəllimlərdən biri sevincini gizlədə bilmirdi: “Aylarla işlədiyim mövzular qarşıma çıxdı. Düşünürəm ki, yaxşı nəticə olacaq".

Başqa biri isə dedi: “Ən çətin hissə imtahan yox, bu günə qədər gözləmək idi".

Bir qrup müəllim məktəbin həyətində dayanaraq sualları müzakirə etməyə başladılar.

Rəsmi məlumata görə, sertifikatlaşdırmanın dördüncü günündə ölkə üzrə 949 müəllim test mərhələsində iştirak edib. İmtahanlar iki növbədə təşkil olunub.

24 iyun, saat 08:05

 

 

186369

186370

161 nömrəli tam orta məktəbin həyəti növbəti dəfə müəllimlərin addım səsləri ilə dolmuşdu. İyunun son günləri olsa da, səhərin sərin havası müəllimlərin üzündəki həyəcanı azaltmağa kifayət etmirdi.

Artıq sertifikatlaşdırmanın beşinci günü idi. Bu bir neçə gün ərzində məktəbin həyəti minlərlə müəllimin sevincinə, narahatlığına, dualarına və ümidlərinə şahidlik etmişdi. Ancaq bu günün fərqli bir özəlliyi vardı.

İlk dəfə tarix müəllimləri sertifikatlaşdırma prosesinə qoşulurdular.

Onlar illərdir şagirdlərə dövlətlərin yüksəlişindən, müharibələrdən, müqavilələrdən, böyük şəxsiyyətlərin həyatından danışırdılar. Bu gün isə öz peşə fəaliyyətlərində yeni bir səhifə açılırdı.

Məktəbin həyətində toplaşan tarix müəllimlərinin söhbətləri də diqqət çəkirdi.

Bəziləri proqramdakı mövzuları xatırlayır, digərləri isə son günlər işlədikləri testlərdən danışırdı.

Saat 08:30-a yaxın məktəbin həyətində artıq yüzlərlə müəllim vardı.

Riyaziyyat, coğrafiya və informatika müəllimləri də həmin gün imtahan verəcək iştirakçılar arasında idi.

Bir tərəfdə iki gənc müəllim son dəfə sualları müzakirə edir, digər tərəfdə isə uzun illər pedaqoji fəaliyyət göstərən bir müəllim sakitcə ağacın kölgəsində dayanmışdı.

Həyəcanlı olub-olmadığını soruşduqda gülümsəyərək cavab verdi: “Otuz il müəllim işləmişəm. Minlərlə şagirdi imtahana yola salmışam. Amma bu gün başa düşürəm ki, imtahanın yaşı olmur".

Bu cümlə günün ən yaddaqalan fikirlərindən biri idi.

Diqqət çəkən başqa bir məqam isə müəllimlərin bir-birinə göstərdiyi dəstək idi. Kiminsə həyəcanlandığını görən həmkarı çiyninə toxunaraq “Narahat olma, sən bunu bacaracaqsan”, - deyirdi. Başqa biri isə zarafatla əlavə edirdi:

Saat 10:00…

Nəzarətçilərin müşayiəti ilə müəllimlər zallara daxil oldular. Kompüterlər işə salındı. Qaydalar son dəfə xatırladıldı.

Bir neçə saniyə sonra zalda tam sakitlik yarandı.

Artıq hər müəllim kompüter ekranında qarşısına çıxacaq suallarla üz-üzə idi.

Jurnalistlər prosesi izləyir, texniki heyət fasiləsiz çalışır, müəllimlərin yaxınları isə səbirlə onların çıxmasını gözləyirdi.

Saat 12:00…

186371

Qapılar açıldı.

İlk müəllimlər məktəbin həyətinə çıxmağa başladılar.

Kənardan baxanda hiss olunurdu ki, gərginlik artıq geridə qalıb.

Beş gün ərzində 161 nömrəli tam orta məktəbdə diqqətimizi çəkən ən mühüm məqamlardan biri müəllimlərin peşələrinə olan sevgisi idi.

Onlar sertifikatlaşdırmanı formal prosedur kimi deyil, inkişaf üçün fürsət kimi dəyərləndirirdilər.

Müəllimlərdən birinin dediyi söz isə bu fikri daha dolğun ifadə edirdi:

“Biz hər gün şagirdlərə öyrənməyi tövsiyə edirik. Əgər müəllim özü öyrənməyi dayandırırsa, bunu şagirddən tələb edə bilməz".

25 iyun, saat 08:00

Sertifikatlaşdırmanın altıncı və son günü…

Hələ saat səkkizə qalmamış 161 nömrəli tam orta məktəbin qarşısında yüzlərlə müəllim toplaşmışdı. Əvvəlki günlərdə də burada izdiham yaşanmışdı. Amma bu dəfə hiss olunurdu ki, ab-hava fərqlidir. Bu, altı günlük marafonun son dayanacağı idi.

Həmin gün fiziki tərbiyə, texnologiya, ingilis dili və ibtidai sinif müəllimləri sertifikatlaşdırmanın test mərhələsində iştirak edirdilər.

Xüsusilə fiziki tərbiyə və texnologiya müəllimləri üçün bu gün tarixə çevrilirdi. Çünki onlar ilk dəfə sertifikatlaşdırma prosesinə qatılırdılar. Son günün həyəcanı tamam başqa idi. Bir neçə gündür davam edən proses artıq müəllimlərin söhbətlərində də öz əksini tapırdı.

“Dünən bizim məktəbdən müəllim yüksək bal toplayıb".

“Suallar proqram çərçivəsində olur, sadəcə həyəcana qalib gəlmək lazımdır".

“İnşallah, bu gün biz də sevinənlərdən olarıq".

Belə söhbətlər məktəbin qarşısında tez-tez eşidilirdi.

Saat 08:30…

Qeydiyyat davam edirdi. Könüllülər müəllimləri istiqamətləndirir, nəzarətçilər son hazırlıqları tamamlayırdılar.

Saat 10:00…

186375

 

186374

Son imtahan başladı. İmtahan zallarının qapıları bağlandı. Bir neçə dəqiqə əvvəl səs-küylü olan məktəbin həyəti yenidən sakitliyə büründü. İndi bütün diqqət kompüter ekranlarına yönəlmişdi. İki saat sonra həmin qapılardan çıxacaq müəllimlərin üz ifadələri hər şeyi danışacaqdı. Və nəhayət… Saat 12:00.

İlk iştirakçılar imtahan binasından çıxmağa başladılar. Onların üzündə həm yorğunluq, həm də qəribə rahatlıq hiss olunurdu.

Həmkarlar bir-birini qucaqlayırdı.

“Gözün aydın!”.

“Təbrik edirəm!”.

“Əminəm ki, yüksək bal yığmısan!”.

Bu sözlər bir-birinə qarışırdı. Sertifikatlaşdırmanın altıncı günündə ölkə üzrə 6455 müəllim test mərhələsində iştirak etdi. Bu, altı gün ərzində qeydə alınan ən yüksək göstərici idi. Günortadan sonra məktəbin həyəti yavaş-yavaş boşalmağa başladı. Səhər saatlarında hiss olunan gərginliyin yerini rahatlıq, sevinc və gələcəyə inam almışdı. Kimsə evinə tələsir, kimsə həmkarı ilə xatirə şəkli çəkdirir, kimsə isə son dəfə məktəbin həyətinə baxıb sakitcə gülümsəyirdi. Altı gün ərzində bu həyət minlərlə müəllimin hisslərinə şahidlik etmişdi.

Burada sevinc də vardı, nigaranlıq da…

Ümid də vardı, göz yaşı da…

Amma bütün bu hisslərin fövqündə bir həqiqət dayanırdı: Azərbaycan müəllimi peşəsinə olan sevgisini, məsuliyyətini və öyrənmək əzmini bir daha nümayiş etdirmişdi. 161 nömrəli tam orta məktəbin həyətindən ayrılarkən geridə sadəcə bir imtahan mərkəzi qalmırdı. Burada yazılan hekayə minlərlə müəllimin zəhmətinin, inamının və peşəsinə sədaqətinin hekayəsi idi. Sertifikatlaşdırma başa çatmışdı. Lakin müəllimlərin öyrənmək, inkişaf etmək və gələcək nəsilləri yetişdirmək missiyası davam edirdi.

186373186372

161 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən sertifikasiya imtahan mərkəzinin rəhbəri, eyni zamanda məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Nahid Fərəcov AzEdu.az-a açıqlamasında bildirib ki, sertifikasiya imtahanları 17-25 iyun tarixlərini əhatə edib.

"17 iyun tarixində bir seans, 18, 19, 23, 24 və 25 iyun tarixlərində isə hər gün iki seans təşkil olunub. Ümumilikdə 161 nömrəli imtahan mərkəzi üzrə 1893 müəllimin imtahanda iştirakı nəzərdə tutulsa da, onlardan 1742-si imtahanda iştirak edib, 151 nəfər isə iştirak etməyib. Beləliklə, mərkəz üzrə iştirak faizi 92 təşkil edib.
17 iyunda 177 nəfər imtahanda iştirak edib, 3 nəfər iştirak etməyib. 18 iyunda birinci seansda 250 nəfər iştirak edib, 7 nəfər iştirak etməyib, ikinci seansda isə 124 nəfər iştirak edib, 7 nəfər iştirak etməyib.

19 iyunda birinci seansda 137 nəfər iştirak edib, 61 nəfər iştirak etməyib, ikinci seansda isə 11 nəfər iştirak edib, 3 nəfər iştirak etməyib. 23 iyunda birinci seansda 192 nəfər iştirak edib, 43 nəfər iştirak etməyib, ikinci seansda isə 20 nəfər iştirak edib, 6 nəfər iştirak etməyib.

24 iyunda birinci seansda 222 nəfər iştirak edib, 8 nəfər iştirak etməyib, ikinci seansda isə 160 nəfər iştirak edib, 4 nəfər iştirak etməyib. 25 iyunda keçirilən birinci seansda 239 nəfər, ikinci seansda isə 210 nəfər imtahanda iştirak edib. Həmin gün müvafiq olaraq 2 və 7 nəfər imtahanda iştirak etməyib".

Rusiyada benzinə görə QIRĞIN BAŞLADI - Qadınlardan Putinə etiraz
Son xəbərlərDaha çox