Azedu.az

İbtidai təhsilin keyfiyyətinə nə mane olur? - Əsas SƏBƏBLƏR

AzEdu Təhsil Platforması

1 İyul 2026, 12:59
İbtidai təhsilin keyfiyyətinə nə mane olur? - Əsas SƏBƏBLƏR

Ötən günlərdə elm və təhsil naziri Emin Əmrullayev çıxışı zamanı bildirib ki, məktəbəqədər və ibtidai təhsilin keyfiyyətinin artırılması uzunmüddətli perspektivdə təhsilin növbəti pillələrində də dayanıqlı nəticələrin əldə olunmasına imkan yarada bilər.

Nazir qeyd edib ki, bu məqsədlə IV və VI siniflərdə hər il monitorinqlər keçirilir və nəticələrin ildən-ilə yaxşılaşdırılması hədəflənir.

Buna baxmayaraq, son illər ibtidai təhsilə xüsusi diqqət ayrılsa da, bu sahənin keyfiyyəti hələ də təhsil ictimaiyyətini tam qane etmir. Mütəxəssislərin fikrincə, yuxarı siniflərdə müşahidə olunan problemlərin əhəmiyyətli hissəsi məhz ibtidai təhsil mərhələsində yaranan boşluqlarla bağlıdır.

Bəs ibtidai təhsil niyə hələ də gözlənilən səviyyəyə çatmayıb?

AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən "İlin gənc müəllimi", ibtidai sinif müəllimi Təranə Nuriyeva bildirib ki, mövcud problemlərin səbəbini yalnız ibtidai sinif müəllimləri ilə əlaqələndirmək doğru deyil.

"İbtidai təhsil sonrakı bütün təhsil pillələrinin təməlidir. Bu mərhələdə formalaşmalı olan oxu, yazı, riyazi və məntiqi düşünmə bacarıqlarında yaranan boşluqlar illər keçdikcə daha da dərinləşir. Buna görə də yuxarı siniflərdə müşahidə olunan problemlərin əhəmiyyətli hissəsinin kökü məhz ibtidai təhsildə axtarılır. Lakin problemin səbəbini yalnız ibtidai sinif müəllimləri ilə əlaqələndirmək düzgün olmaz.

Burada bir neçə amil rol oynayır. İlk növbədə, məktəbəqədər təhsilə cəlbetmə səviyyəsi və uşaqların hazırlığı eyni deyil. Siniflərdə şagird sayının çox olması müəllimin hər bir uşağa fərdi yanaşmasını çətinləşdirir. Bəzi hallarda qiymətləndirmə şagirdin real bacarıqlarını deyil, yalnız nəticəni ön plana çıxarır. Valideyn dəstəyi və məktəblə əməkdaşlıq da bütün ailələrdə eyni səviyyədə olmur. Bundan əlavə, müəllimlərin peşəkar inkişafı davamlı olsa da, müasir tədris metodlarının bütün məktəblərdə eyni səviyyədə tətbiqi hələ də tam təmin edilməyib".

Onun sözlərinə görə, son illərdə həyata keçirilən islahatlar müsbət nəticələr versə də, onların təsiri qısa müddətdə hiss olunmur.

"IV və VI siniflər üzrə monitorinqlərin keçirilməsi, kurikulumun təkmilləşdirilməsi və müəllimlərin peşəkar inkişaf proqramları mühüm addımlardır. Lakin təhsildə ciddi nəticələr qısa müddətdə deyil, illər ərzində özünü göstərir.

Düşünürəm ki, ibtidai təhsildə əsas məqsəd uşağın sadəcə dərsi əzbərləməsi deyil, oxuduğunu anlamaq, düşündüyünü ifadə etmək, məntiqi mühakimə yürütmək və öyrənməyi öyrənmək bacarıqlarını formalaşdırmaq olmalıdır. Məhz bu bacarıqlar gücləndikcə yuxarı siniflərdə də nəticələr daha dayanıqlı olacaq".

Putin bu tarixdə hakimiyyətdən gedəcək - Rusiya üçün DƏHŞƏTLİ PROQNOZ
Son xəbərlərDaha çox