Banqladeşdə davam edən qızılca epidemiyası ağır nəticələr verməyə davam edir.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, son 24 saat ərzində daha 4 uşağın qızılca şübhəsi ilə həyatını itirməsi nəticəsində ölənlərin ümumi sayı 712-yə yüksəlib.
Banqladeş Səhiyyə Nazirliyinə tabe olan Səhiyyə Xidmətləri Baş İdarəsinin (DGHS) yaydığı məlumata görə, eyni müddətdə ölkə üzrə 941 yeni qızılca şübhəli yoluxma halı qeydə alınıb. Bununla da ümumi şübhəli yoluxma sayı 99 min 207-yə çatıb.
Rəsmi məlumatda bildirilib ki, aprelin 10-dan indiyədək qızılca şübhəsi ilə 82 min 844 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 79 min 152-si müalicəsini başa vuraraq evə buraxılıb.
Qeyd edək ki, Banqladeş hökuməti aprelin 7-də qızılca şübhəsi ilə çoxlu sayda uşağın həyatını itirməsindən sonra ölkə üzrə təcili peyvənd kampaniyasına start verib.
Mütəxəssislər bildirirlər ki, pnevmoniya və ensefalopatiya kimi ağır fəsadlara səbəb ola bilən qızılca peyvəndlə qarşısı alına bilən xəstəliklər arasında dünyada ölüm hallarının əsas səbəblərindən biri olaraq qalır.