Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-02 07:09:07
İlk sınaq imtahanın təəssüratları – “Yeni qaydalar keyfiyyətsizdir, rüşvətə yol açacaq” - SORĞU

1 aprel tarixində I-V ixtisas qruplarına qəbul olmaq istəyən abituriyentlərin ilk sınaq imtahanı keçirilib.

Sınaq imtahanları hər ixtisas qrupunda 5 fənn üzrədir.

AzEDU imtahana nəzarətin, sualların necə olması, hansı problemlərin yaşandığı barədə sınaqdan çıxan şagirdlər və onların valideynləri arasında sorğu keçirib.  Sorğunu Nəsimi rayonu Saleh Poladlı adına 159 saylı tam orta məktəbdə keçirilən sınaqda iştirak edənlər cavablandırıb:

 Murad Vüsalov: “Sınaq asan deyildi.  Bir saata cavablayıb,  imtahandan çıxdım. Nəzarətçilərimiz yaxşı idi. Fizika fənnindən çətinlik çəkdim. Hazırlıq müddətində də bu fəndən problem yaşayıram. İstəyərdim ki, universitetə qəbul asan olsun, təhsil almaq isə çətin; Türkiyədəki sistem kimi”.

Emin Qurbanov (valideyn):  “Şamaxıdan gəlmişik. Mən şəxsən çox razı oldum.  Sınaq imtahanlarının keçirilməsi çox vacibdir, gərək, 5 dəfə edələr,  çünki uşaqlar çox həyəcanlı olur. Bu gərginliyi azaltmaq və imtahan prosesinə alışmaq üçün sınaqların önəmi böyükdü. Kurikulum qaydalarından isə çox narazıyam.  Məsələn, II qrupda əvvəl Azərbaycan tarixi,  indi isə ümumi tarix. Bu, uşaqlar üçün əlavə yükdür.  Bir də attestat balına ehtiyac yox idi; 300 bal buraxılış imtahanında, 400 bal qəbulda….  Əvvəlki illərdəki kimi olsaydı, yaxşı olardı. 700 ballıq sistem çox gözəl, effektli sistem idi. Yeni isə keyfiyyətsizdir. Rüşvətə yol açan sistemdir”.

Adının çəkilməsini istəməyən bir başqa valideyn: “Sınaq imtahanlarının çatışmayan cəhətləri barədə nəsə deyə bilmirəm, amma keçirilməsi yaxşıdır. İmtahana öyrəşirlər. Birinci dəfədir uşağı gətirirəm. Yeni sistemin  necə nəticə verəcəyini bilmirik. Məktəblərdə ciddi nəzarət olsa, daha yaxşı olar. Müəllimlər öz tanışlarına qiymət yazacaqsa, yaxşı olmayacaq”.

 Nicat Əliyev: “Şamaxı rayonundan II qrup üzrə imtahan vermək üçün gəlmişəm.  Pis keçmədi,  suallar normal idi. Ən çox ingilis dili və riyaziyyatdan çətinlik çəkdim.  Nəzarətçilər çox yaxşı idi.  Sınaq imtahanlarının keçirilməsi çox yaxşıdır”.

Valeh Səlimov: “Şamaxı rayonundan gəlmişəm. İmtahan yaxşı idi. Köçürmə halları yox idi. İmtahandan heç kim kənarlaşdırılmadı. Sınaq imtahanlarının keçirilməsi yaxşı haldır. Şagirdlər özlərini yoxlayırlar. I qrup üzrə imtahan verdim, çox fizikadan çətinlik çəkdim. Suallar o qədər də çətin deyildi, amma yaxşı hazırlaşmadığıma görə belə oldu. Ümumiyyətlə, hazırlıq müddətində fizikadan çətinlik çəkirəm.

Bir başqa valideyn: “Sınaqda iştirak, qəbul imtahanına hazırlığı  asanlaşdırır. Fənlərin çətinliyində uşaqdan-uşağa fərq var. Övladım humanitar fənlərdən çətinlik çəkir. IV qrupa hazırlaşır”.

Hüseyn  İbişov: “Nəsimi rayonundan gəlmişəm. Bəzi fənlərdən olan  suallar asan, digərlərində çətin idi.  Ən çox rus dili və riyaziyyatdan çətinlik çəkdim. Nəzarət super idi. Sınaqda olduğu kimi hazırlıq müddətində də eyni fənlərdən çətinlik çəkirdim”.

Elnur Əliyev: “Göyçay rayonundan gəlmişəm. Fizika fənnindən çətinlik çəkdim. Problem yaranmadı. Sınaq biraz çətin idi, asan olsa yaxşı olar”.

Valideyn: Bizim uşaqlar  ilk dəfədir sınaq imtahanında iştirak edir. Görək, necə olacaq. amma deyirlər çətin olur. Dərslərdə çətinlik yoxdur.  İmtahanlar isə çətindir.  Ona görə məcbur olub əlavə müəllim tuturuq”.