Sosial şəbəkələrdə artıq bir neçə ildir ki, bəzi məktəb rəhbərliklərinin 9-cu sinif şagirdlərinin gələcək təhsil trayektoriyasına qeyri-qanuni müdaxilə etdiyi barədə iddialar yayılır. Belə ki, buraxılış imtahanında aşağı bal toplayan şagirdlər kollec və ya peşə məktəblərinə yönləndirilməyə məcbur edilir.
Belə hesab olunur ki, məktəblər bunu 11-ci sinifdə ali məktəblərə qəbul göstəricilərinin aşağı düşməsinin və bunun təhsil müəssisəsinin ümumi reytinqinə mənfi təsir göstərməsinin qarşısını almaq məqsədilə edirlər.
Bu halda sual yaranır ki, şagirdlərin gələcəyi ilə bağlı qərarı nəyə görə ailə və şagird özü deyil, məktəb rəhbərliyi verməlidir? Digər tərəfdən, təcrübə göstərir ki, bir çox şagirdlər məhz 9-cu sinifdən sonra dərslərinə daha ciddi yanaşmağa başlayır. Yəni buraxılışda zəif nəticə göstərən gəncin iki il ərzində potensialını artıraraq 11-ci sinifdə yüksək uğur qazanması tamamilə mümkündür. Məktəblərin reytinq xatirinə bu şansı şagirdlərin əlindən alması nə dərəcədə doğrudur?
AzEdu.az-a mövzu ilə bağlı Coğrafiya müəllimi, "Örnək müəllim" Tuqay Rzazadə danışıb.
O, qeyd edib ki, bəzən valideynlər övladlarının gələcəyi ilə bağlı düzgün seçim edə bilmir və ya seçim etməkdə çətinlik çəkirlər:
"Məlum olduğu kimi, Azərbaycan Respublikasının təhsil qanunvericiliyinə əsasən, ümumi orta təhsil səviyyəsinin (IX sinfədək) başa çatdırılması məcburidir. IX sinfi bitirən şagirdlər təhsillərini tam orta təhsil (X-XI siniflər), peşə təhsili və ya orta ixtisas təhsili müəssisələrində davam etdirmək hüququna malikdirlər. Buna görə də IX sinifdən sonrakı mərhələdə təhsilin hansı istiqamətdə davam etdirilməsi şagirdin və valideynin seçiminə əsasən müəyyən olunur.
Təəssüf ki, valideynlərin bir çoxu ya bundan xəbərsizdir, ya da övladlarının gələcək təhsil və peşə karyerası barədə kifayət qədər düşünmədikləri üçün məqsədyönlü planlaşdırma aparmadan uşaqlarının X-XI siniflərdə təhsilini davam etdirməsinin tərəfdarı olurlar.
İlk növbədə qeyd etmək istəyirəm ki, mən ali təhsilin digər təhsil pillələri ilə müqayisədə daha geniş imkanlar yaratdığına inanıram və şagirdlərə ilk tövsiyəm universitetə qəbul olmaq üçün çalışmalarıdır. Lakin daha vacib məqam ondan ibarətdir ki, hər kəsin mütləq ali təhsil almalı olması barədə yanaşma dünyanın heç bir ölkəsində mövcud deyil.
Təəssüf ki, cəmiyyətimizdə sovet dövründən formalaşmış və bu gün də müəyyən qədər davam edən “filankəsin oğlu və ya qızı universitetə qəbul olubsa, mənim övladım da mütləq qəbul olmalıdır” düşüncəsi bir sıra problemlərə səbəb olur.
Bir çox hallarda məktəb rəhbərlərinin IX sinifdən sonra zəif nəticə göstərən şagirdləri müxtəlif yollarla məktəbdən uzaqlaşdırmağa çalışdıqlarının şahidi oluruq. Halbuki bəzən valideynlər övladlarının gələcəyi ilə bağlı düzgün seçim edə bilmir və ya seçim etməkdə çətinlik çəkirlər. Belə hallarda məktəb rəhbərliyinin və müəllimlərin vəzifəsi valideynlərə obyektiv, vicdanlı və şagirdin gələcəyinə həqiqətən müsbət təsir göstərə biləcək istiqamətlər təqdim etməkdir".
Övladının gələcək təhsil və peşə seçimini düzgün müəyyənləşdirməkdə çətinlik çəkən valideynə məktəb rəhbərliyi obyektiv, vicdanlı və şagirdin gələcəyinə həqiqətən müsbət təsir göstərə biləcək istiqamətlər təqdim etməlidir:
"Acı reallıq ondan ibarətdir ki, IX sinif buraxılış imtahanında zəif nəticə göstərən şagirdlərin böyük əksəriyyəti XI sinif buraxılış imtahanlarında da oxşar nəticələr əldə edirlər. Əlbəttə, istisna hallar da olur və IX sinifdə aşağı nəticə göstərən bəzi şagirdlər XI sinifdə yüksək nəticələr əldə edə bilirlər. Lakin belə hallar ümumi statistika baxımından çoxluq təşkil etmir.
Bu məsələdə mənim mövqeyim ondan ibarətdir ki, övladının gələcək təhsil və peşə seçimini düzgün müəyyənləşdirməkdə çətinlik çəkən valideynə məktəb rəhbərliyi obyektiv, vicdanlı və şagirdin gələcəyinə həqiqətən müsbət təsir göstərə biləcək istiqamətlər təqdim etməlidir. Təbii ki, hər zaman bu yanaşma müşahidə olunmur. Bəzən məktəb rəhbərliyi tərəfindən qərəzli şəkildə şagirdlərin məktəbdən uzaqlaşdırılması halları ilə də qarşılaşırıq. Belə halların araşdırılması və hüquqi çərçivədə obyektiv qiymətləndirilməsi vacibdir".
Heç bir halda şagirdin və ya valideynin hər hansı təzyiq yolu ilə məktəbdən uzaqlaşdırılmasının tərəfdarı deyiləm:
"Lakin istənilən halda, şagirdin IX sinifdən sonra peşə və ya orta ixtisas təhsilinə yönəlməsi, yaxud X-XI siniflərdə təhsilini davam etdirməsi onun və valideyninin şəxsi seçiminə əsaslanmalıdır. Heç bir halda şagirdin və ya valideynin hər hansı təzyiq yolu ilə məktəbdən uzaqlaşdırılmasının tərəfdarı deyiləm. Bu məsələdə ilk növbədə şagirdin fikirləri nəzərə alınmaqla, qarşılıqlı hörmət, dialoq və anlaşma yolu ilə həllin tapılmasını daha doğru hesab edirəm. Qəbul edilən hər bir qərar şagirdin öz razılığı ilə onun gələcək həyatına müsbət təsir göstərəcək şəkildə verilməlidir.
Son illərdə, xüsusilə peşə təhsilinin inkişafı istiqamətində dövlət, eləcə də Elm və Təhsil Nazirliyi tərəfindən mühüm addımlar atılır. Bu siyasətin əsas məqsədi Azərbaycan vətəndaşlarının yüksək səviyyəli peşə bacarıqlarına yiyələnməsi, əmək bazarının tələblərinə uyğun ixtisaslara sahib olması və gələcəkdə rəqabətqabiliyyətli əməkhaqqı ilə iş tapa bilməsidir. Müasir dövrdə peşə təhsili ali təhsilə alternativ deyil, əmək bazarının tələblərinə cavab verən və uğurlu karyera qurmağa imkan yaradan mühüm təhsil istiqamətlərindən biridir. Buna görə də valideynlər və şagirdlər gələcəklə bağlı qərar qəbul edərkən peşə təhsilini də ciddi və perspektivli seçim kimi dəyərləndirməlidirlər".