Azedu.az

Daha bir ölkədə yenietmələrə sosial media qadağan ediləcək

Xəbərlər

2 İyun 2026, 16:38
Daha bir ölkədə yenietmələrə sosial media qadağan ediləcək

Maldiv adalarının Prezidenti 16 yaşından kiçik şəxslərin sosial şəbəkələrə girişini məhdudlaşdırmağı nəzərdə tutan yeni qaydanı bir il ərzində tətbiq etməyi planlaşdırdıqlarını bildirib.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, Maldiv adaları Prezident Aparatının yaydığı yazılı bəyanata görə, dövlət başçısı keçirdiyi mətbuat konfransında uşaqların təhlükəsizliyini təmin etmək üçün atılacaq növbəti addımlardan danışıb.

Ölkədə yeniyetmələrin müəyyən sosial media platformalarına çıxışını məhdudlaşdıracaqlarını qeyd edən Muizzu, bu hüquqi tənzimləmənin ən geci bir il ərzində tamamilə qüvvəyə minəcəyini vurğulayıb. Prezident hökumətin bu qərarına əsas səbəb kimi ölkədəki uşaqların virtual məkanda maruz qaldığı istismar, rəqəmsal zorakılıq (bullinq) və yaşlarına uyğun olmayan zərərli məzmunları göstərib.

Sosial media məhdudiyyətinin uşaqların sağlam gələcəyi və təhlükəsizliyi baxımından mütləq olduğunu diqqətə çatdıran Muizzu, bu addımın ölkədəki ümumi rəqəmsallaşma fəaliyyətlərindən geriyə addım atılması mənasına gəlmədiyini xüsusilə ifadə edib.

Qeyd edək ki, uşaqların sosial şəbəkələrdən qorunması istiqamətində qlobal miqyasda kəskin addımlar atılmaqdadır. Avstraliya 2025-ci ilin dekabrında 16 yaşından kiçiklərin sosial media platformalarına çıxışını qadağan edən hüquqi tənzimləməni dünyada ilk dəfə həyata keçirən ölkə olub. İndoneziya isə bu ilin mart ayında bənzər bir addım ataraq Cənub-Şərqi Asiyada bu təcrübəni başladan ilk ölkə kimi tarixə düşüb.

Malayziyada 16 yaşından kiçik şəxslərin sosial media hesabı açmasını əngəlləməyi hədəfləyən qanunvericilik isə yenicə qüvvəyə minib. Hazırda Polşa, Danimarka, Fransa, İspaniya, Yunanıstan və Böyük Britaniya kimi bir çox Avropa ölkəsi də analoji məhdudiyyətləri tətbiq etmək üçün hüquqi hazırlıqlar görür.

Putin ŞƏRT QOYDU - Paşinyan bunu rədd etdi
Son xəbərlərDaha çox