Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-22 16:25:00
Məktəblilər arasında oxu mədəniyyəti təbliğ olunur

İctimai fəal Samir Pənəliyev Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirdiyi  “Milli-mənəvi dəyərlərin öyrənilməsində oxu mədəniyyətinin rolu” adlı layihənin icrasını davam etdirir.

AzEdu.az xəbər verir ki, layihə çərçivəsində növbəti tədbir bu gün Şəmkir şəhər Nizami Gəncəvi adına tam orta məktəbdə baş tutub. Tədbirdə məktəbin 150-yə yaxın şagirdi iştirak edib.

Şəmkir rayon İcra Hakimiyyəti başçısı aparatının baş mütəxəssisi Tural Əliyev məktəblilər arasında milli-mənəvi dəyərlərin təbliğinin vacib olduğunu bildirib. Qeyd edib ki, tanınmış ziyalıların, nüfuzlu ictimai xadimlərin bu prosesdə iştirakı alqışlanmalıdır.

Layihənin rəhbəri Samir Pənəliyev Azərbaycan gənclərinin cəmiyyətin ictimai-siyasi həyatında fəal rol oynadığını bildirib. Natiq deyib ki, bu siyasəti həyata keçirən qurumların gənclərin fərdi təşəbbüslərini dəstəkləməsi gənc nəslin qarşısında yeni imkanlar açıb. S.Pənəliyev məktəbliləri onlar üçün yaradılmış əlverişli imkanlardan faydalanmağa səsləyib. “Yeniyetmə və gənclər arasında oxu mədəniyyətinin təbliği zamanın tələbidir. Yalnız geniş mütaliə imkanlarına malik olan gənclər milli-mənəvi dəyərlərimizin keşiyində dayana bilərlər”, – deyə layihə rəhbəri qeyd edib.

Layihənin eksperti, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə intellektual cəmiyyətlərin qazandığı uğurlardan danışıb. Bildirib ki, yalnız mütaliə yolu ilə intellektual cəmiyyətə çevrilmək mümkündür: “Təkcə rəsmi strukturlar deyil, bütövlükdə cəmiyyət özü yeniyetmə və gənclər arasında oxu vərdişlərinin formalaşmasının qeydinə qalmalıdır. Ziyalılar, incəsənət və mədəniyyət xadimləri, tanınmış ictimaiyyət nümayəndələri gənclər arasında oxu mədəniyyətinin formalaşmasına səy göstərməlidirlər”.