Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsində fəaliyyət göstərən Məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsində hazırda 16 şəxsə xidmət göstərilir.
Bu barədə AzEdu.az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, onlardan 10 nəfəri uşaqdır.
"Fərdi iş planı üzrə və digər aidiyyəti qurumlarla qarşılıqlı əməkdaşlıq şəraitində onların sosial reabilitasiyası, sosial statuslarının bərpası istiqamətində işlər aparılır.
2021-ci ildə fəaliyyətə başlayan şöbədə müasir tələbələrə uyğun şərait yaradılıb. Həmin şəxslərin ilkin tibbi müayinəsi, psixoloji-emosional vəziyyətinin qiymətləndirilməsi, hüquqlarının müdafiəsi, mədəni-asudə vaxtının təşkili və s. üçün tədbirlər görülür.
Ötən dövrdə burada 48-i uşaq olmaqla 74 nəfərlə reabilitasiya işi aparılıb", - məlumatda qeyd olunub.