Azedu.az

Dilimizin rəqəmsal platformalara inteqrasiyası strateji prioritetdir

Xəbərlər

25 May 2026, 10:52
Dilimizin rəqəmsal platformalara inteqrasiyası strateji prioritetdir

“Hazırda alimlərimiz Azərbaycanın, xüsusilə də işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur ərazilərinin dialektoloji lüğətini hazırlayıb nəşr etdiriblər”.

AzEdu.az xəbər verir ki, bu sözləri “Ana dili: kimlik və gələcək” adlı gənclərin iştirakı ilə keçirilən respublika konfransında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli çıxışı zamanı deyib.

O bildirib ki, Şərqi Zəngəzurun dialektoloji atlası da ötən il hazırlanaraq çap olunub:

“Bu tədqiqatlar Azərbaycan dilinin daxili imkanlar hesabına zənginləşməsi üçün ən mühüm mənbələrdən biridir və hesab edirəm ki, bu istiqamətdə işlər gələcəkdə də davam etdiriləcək.

Növbəti mühüm məsələ Azərbaycan dilinin texnologiyalar əsrində rəqəmsal platformalarda yer almasıdır. Bu, hazırda qarşıda duran ən vacib və strateji məsələlərdən biridir. Çünki qloballaşma şəraitində dilimizin süni intellekt sistemlərinə inteqrasiyası, eləcə də rəqəmsal lüğət və tərcümə proqramlarının keyfiyyətinin artırılması dilimizin gələcək taleyi ilə birbaşa bağlıdır.

Əgər bu gün dilimizi rəqəmsal mühitdə qoruyub inkişaf etdirə bilməsək, gələcəkdə ciddi çətinliklərlə üzləşə bilərik. Buna görə də bu sahədə proqramçılar və dilçi alimlərin birgə fəaliyyəti olduqca vacibdir.

Digər mühüm məsələ isə toponimiya ilə bağlıdır. Məlum olduğu kimi, tarixi torpaqlarımızda, xüsusilə indiki Ermənistan ərazisində yerləşən qədim yurd yerlərimizin, kəndlərimizin, dağ və çay adlarının zaman-zaman saxtalaşdırılması və dəyişdirilməsi halları baş verib. Dövlət başçısının da xüsusi diqqət yetirdiyi kimi, bu tarixi adların bərpası, elmi şəkildə araşdırılması və beynəlxalq ictimaiyyətə çatdırılması vacibdir. Bu istiqamətdə Dilçilik İnstitutunda mühüm işlər görülür, xəritələr və lüğətlər hazırlanır. Çünki toponimlər həmin ərazilərdəki tarixi izlərimizdir və bu mirası qorumaq hər birimizin borcudur".

Rusiyadan HƏYASIZLIQ - Azərbaycana şok zərbə endirdi
Son xəbərlərDaha çox