Azedu.az

Nadir Məmmədli: Dil yalnız ünsiyyət vasitəsi deyil, milli gücdür

Xəbərlər

25 May 2026, 10:16
Nadir Məmmədli: Dil yalnız ünsiyyət vasitəsi deyil, milli gücdür

“Şübhəsiz ki, harada kimlik məsələsi varsa, orada eyni zamanda strateji bir məsələ də mövcuddur. Bu istər tarix, istər dil, istərsə də etnoqrafiya olsun. Kimlik olan yerdə strateji yanaşma da vardır”.

AzEdu.az xəbər verir ki, bu sözləri AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, əsas məqsəd ondan ibarət olmalıdır ki, gənclər gələcəkdə əldə etdikləri bilikləri dövlət siyasətinə və dövlətçilik fəaliyyətinə töhfə kimi yönəldə bilsinlər:

“Bacardıqlarını bu sahəyə töhfə kimi verməlidirlər. Əsas məsələ budur ki, dil bizə dünənə qədər bəlkə də sadəcə ünsiyyət vasitəsi kimi görünürdü. Onun haqqında nə qədər pafoslu və bəlağətli sözlər desək də, ona əsasən kommunikasiya vasitəsi kimi yanaşırdıq. Lakin müstəqillik dövründə aydın olur ki, dil təkcə ünsiyyət vasitəsi deyil, o, bizim nəfəsimizdir, milli dövlətçiliyimizin və müstəqilliyimizin əsas dayaqlarından biridir. Buna görə də dilə xüsusi önəm verilməlidir.

Dil, şübhəsiz ki, tarixi inkişafımızın və intellektual səviyyəmizin ən mühüm göstəricisidir. Cənab Prezidentin həm AMEA-nın 70 illik yubileyindəki çıxışında, həm də yanvarın 5-də media nümayəndələri ilə görüşündə bu məsələlər aydın şəkildə izah olunmuş və gələcək üçün mühüm mesajlar verilmişdir.

Burada əsas məqsəd dövlət dili strukturlarına elmin inteqrasiyası üçün yeni çərçivənin formalaşdırılmasıdır. Bu, bu gün qarşıda duran əsas vəzifələrdən biridir. Prezident çıxışlarında Azərbaycan dilinin inkişafı ilə bağlı mühüm məqamlara xüsusi diqqət yetirmişdir.

Bilirsiniz ki, dilimizlə bağlı kifayət qədər nəzəri qrammatika dərslikləri mövcuddur və bu baxımdan dilimiz elmi cəhətdən inkişaf etmiş sayılır. Lakin çatışmayan tərəf praktiki və funksional dilçilik sahəsidir. Prezidentin çıxışlarında da məhz bu məsələyə xüsusi diqqət yönəldilmişdir.

Digər mühüm məsələ isə dövrün tələbləri ilə bağlıdır. Biz artıq sürət, intellekt və süni intellekt əsrində yaşayırıq.

Prezidentin müəyyən etdiyi əsas prioritetlərdən biri də dilçiliyin inkişafının süni intellekt və rəqəmsal platformalarla uzlaşdırılmasıdır.

Bütün bunlar üçün Azərbaycan dilinin kifayət qədər zəngin bazası mövcuddur. Eyni zamanda bu istiqamətdə qəbul edilmiş bir sıra islahatlar, sərəncamlar və fərmanlar dilin davamlı inkişafına xidmət edir və bu sahə daim dövlət başçısının diqqət mərkəzindədir.

Son olaraq vurğulamaq lazımdır ki, dil daim inkişaf edən canlı bir sistemdir, lakin onun elmi əsaslarla inkişaf etdirilməsi vacibdir. Unutmamalıyıq ki, dil bizim milli təhlükəsizliyimizin mühüm tərkib hissəsidir".

Rusiyadan HƏYASIZLIQ - Azərbaycana şok zərbə endirdi
Son xəbərlərDaha çox