“Prosesdə xüsusilə uşaqların, gənclərin, qadınların və digər həssas sosial qrupların ehtiyacları ön planda tutulmalıdır”.
AzEdu.az xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının Baş katibinin müavini Amina J. Mohammed media konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, BMT-nin daha təkmilləşdirilmiş və uyğunlaşdırılmış yanaşmaları, eləcə də şəhərsalmanın dayanıqlı inkişaf prinsipləri müzakirələrdə əsas yer tutur. Ölkələrdə və yerli icmalarda həyata keçirilən layihələr çərçivəsində aparılan müzakirələr və götürülən öhdəliklər böyük əhəmiyyət daşıyır.
O bildirib ki, Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə standartların formalaşdırılması və onların tətbiqi məsələləri forumda geniş şəkildə müzakirə olunub.
“Biz daha dərin əməkdaşlığa və müzakirələrə açığıq. Şəhərsalma sahəsində qlobal transformasiyanı sürətləndirəcək bütün təşəbbüsləri dəstəkləməyə hazırıq. Şəhərlər hər bir vətəndaşın rifahına xidmət etməlidir və bu prosesdə xüsusilə həssas sosial qrupların ehtiyacları nəzərə alınmalıdır”, - deyə o qeyd edib.
Amina J. Mohammed əlavə edib ki, gələcəkdə COP29-un hədəfləri, ondan irəli gələn nəticələr və Yeni Şəhərsalma Gündəliyinin müddəalarının uyğunlaşdırılması praktiki şəkildə həyata keçirilməlidir. Onun sözlərinə görə, forum çərçivəsində qəbul edilən Yeni Şəhərsalma Gündəliyi, enerji həlləri və infrastruktur layihələri uğurla təqdim olunub və Bakı tədbirləri şəhərlərin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.