NASA-nın Psyche kosmik aparatı Marsın yaxınlığından keçid zamanı qırmızı planetin nadir görüntülərini çəkərək Yerə göndərib.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, 2023-cü ildə buraxılan aparat hazırda Mars və Yupiter orbitləri arasında yerləşən 16 Psyche asteroidinə doğru hərəkət edir.
Mars yaxınlığından keçid zamanı kosmik aparat planetin cazibə qüvvəsindən istifadə edərək sürətini artırıb və trayektoriyasını dəqiqləşdirib. Bu manevr missiyanın 2029-cu ildə hədəfə çatması üçün mühüm mərhələ hesab olunur.
Yaxın keçid zamanı Psyche Marsın Günəş işığı ilə işıqlanan nadir görüntülərini qeydə alıb və sınaq müşahidələri aparıb.
Arizona universitetinin mütəxəssisləri bildiriblər ki, əldə olunan görüntülər həm elmi araşdırmalar, həm də cihazların yoxlanılması baxımından əhəmiyyətlidir.
Psyche missiyasının əsas məqsədi 2029-cu ildə 16 Psyche asteroidinə çataraq onun tərkibini və quruluşunu araşdırmaqdır.


