İngiltərənin məşhur elmi qurumlarından biri olan Royal Observatory Greenwich süni intellektin gündəlik həyatda sürətlə yayılması ilə bağlı narahatlığını ifadə edib.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, insanlar bütün sualların cavabını hazır şəkildə süni intellektdən almağa öyrəşərsə, zamanla araşdırmaq, düşünmək və analiz etmək bacarıqları zəifləyə bilər.
Quruma bağlı muzey qrupunun direktoru Paddy Rodgers deyib ki, bilik əldə etməyin əsasında maraq göstərmək, sual vermək və məlumatı yoxlamaq dayanır. Onun sözlərinə görə, hər şeyə saniyələr içində cavab verən texnologiyalar insanları getdikcə daha az düşünməyə vadar edir.
Mütəxəssislər qeyd edirlər ki, tarixdə böyük elmi kəşflərin çoxu insanların marağı və əlavə araşdırmaları nəticəsində ortaya çıxıb. Bəzən həmin dövrdə vacib görünməyən məlumatlar illər sonra böyük əhəmiyyət qazanıb. Süni intellekt isə əsasən hazır və qısa cavab təqdim etdiyi üçün belə təsadüfi kəşflərin qarşısını ala bilər.
Bununla yanaşı, alimlər süni intellektin faydalı tərəflərini də qəbul edirlər. Məsələn, AlphaFold2 kimi proqramlar elm sahəsində mühüm uğurlara imza atıb. Təhsil sahəsində də bu texnologiyanın fikir toplamaq və ideyaları inkişaf etdirmək üçün yararlı olduğu bildirilir.
Ancaq ekspertlər xəbərdarlıq edirlər ki, insanlar məlumatın mənbəyini yoxlamadan yalnız süni intellektin verdiyi cavablara inanarsa, yanlış məlumatların yayılması və düşünmə qabiliyyətinin zəifləməsi riski arta bilər.