https://www.zirve.edu.az/
2019-01-22 09:46:18
Müəllimə şagirdinin yoxsul ailəsi üçün ev tikdirdi –İbrətamiz- FOTO

Türkiyənin Kayseri şəhəri yaxınlığındakı bir qəsəbədə ibtidai sinif müəlliməsi ağır vəziyyətdə yaşayan şagirdinin  ailəsinə kömək etmək üçün bir xeyriyyə kampaniyası təşkil edib.

AzEdu.az Moderator.az-a istinadən xəbər verir ki,  bu haqda “Yeni Şafak” qəzeti məlumat yayıb. Üçüncü sinif şagirdi Nejat Özdenin məktəbdə heç nə yemədiyi və özü ilə nahar gətirməməsi müəllimə Aişə Okmenin  diqqətini çəkib. Məlum olub ki, qızcığaz məktəbə gələrkən səhər yeməyi də yemir, çünki evlərində yeməyə bir şey yoxdur. Bunu bilən kimi müəllimə həmin ailəni ziyarət edib. Gördükləri onu şoka salıb. Nejatın və kiçik bacısının valideynlərinin  görmə əlilliyi ucbatından işləyə bilmədikləri bəlli olub. Ailənin yeganə gəlir mənbəyi əlillik təqaüdləridir. Üçüncü sinif şagirdi Nejat ailəsinin, az da olsa, qidalanması üçün bütün yayı  çobanlıq edib.

"Evləri demək olar ki, boş idi. Hamam yox idi, mətbəx yalnız qismən təchiz olunmuşdu, soyuducuda isə heç bir qida görmədik, istilik sistemi qoşulmamışdı", - deyə müəllimə bildirib.

Aişə Okmen ilk növbədə ailəni aclıqdan xilas etməyə çalışıb, onları bir müddət ərzaqla təmin edib. Müəllimənin böyük qardaşı Nejatın evini təmir etməyi təklif edib. Amma ev ailənin mülkiyyəti olmadığından bu fikirdən çəkiniblər. Yeganə variant  ailə üçün yeni bir ev tikmək olub...

Müəllimənin iş yoldaşları, dost və tanışları 9 yaşındakı məktəbli qızın ailəsinin çətin vəziyyətini öyrənərək onun təşəbbüsünü dəstəkləyib. Bu minvalla məktəb və qəsəbədə "Nejat üçün öz kərpicinizi qoyun" adlı xeyriyyə kampaniyası başladılıb. Nəticədə birgə çalışmaqla cəmi 3 ay müddətində  əlillər ailəsi üçün  istilik sistemi və bütün rahatlığı olan  gözəl bir ev qurulub.  Mebel və digər ev əşyalarını qonşular və xeyriyyəçi adamlar bağışlayıb.

"Biz evi mümkün qədər rahat etməyə çalışdıq. Sanki özümüz üçün tikirdik. Nejatın yeni evə yerləşən ailəsi çox məmnun qaldı. Bu xeyirxah  işə qoşulan hər kəsə təşəkkür edirəm ",-deyə fədakar müəllimə Aişə Okmen bildirib.