Azedu.az

ABŞ mediasına meydan oxuyan türk - Hasan Piker kimdir?

Xəbərlər

18 May 2026, 11:33
ABŞ mediasına meydan oxuyan türk - Hasan Piker kimdir?

Hasan Piker adlı türk əsilli amerikalı blogger son illərdə ənənəvi medianın rəqəmsal platformalar qarşısında necə zəiflədiyinin ən diqqətçəkən nümunələrindən biri hesab olunur.

AzEdu.az xatırladır ki, ABŞ-də yaşayan türk əsilli siyasi şərhçi və yayımçı təkcə mikrofon, kamera, kompüter və kiçik otaqdan ibarət studiyası ilə milyonlarla gəncə təsir etməyi bacarıb. Bu isə böyük televiziya kanalları, bahalı studiyalar və geniş media resurslarına malik ənənəvi media üçün ciddi çağırış yaradıb.

1991-ci ildə ABŞ-də doğulan Hasan Piker əvvəlcə siyasi media platforması olan "The Young Turks" layihəsində aparıcı və şərhçi kimi tanınıb. Daha sonra isə əsas fəaliyyətini Twitch və YouTube platformalarına yönəldərək fərdi media fiquruna çevrilib. "HasanAbi" imzası ilə o bu gün Youtube-da 1,7 milyon izləyiciyə malikdir. Onun videoları 832 milyon dəfə izlənilib. Twitch-də isə onun izləyici sayı daha çox - 3 milyondur. 

2020-ci ildə ABŞ-da prezident seçkiləri zamanı Twitch-də canlı debat açan blogerin yayımına 230 min insan qoşulmuşdu və bu ABŞ izləyici bazarının 4,9%-ni əhatə etmişdi. Bu uğuru sayəsində o, ən çox sitat gətirilən və canlı yayımı ən çox izlənən bloger halına gəldi. Həmin debatı ümumilikdə 7,5 milyon insan izləmişdi və bu Pikerin ABŞ-nin ictimai fikrinə, xüsusilə gənclərə təsir gücünü ortaya qoydu.

Hasan Piker əsasən ABŞ siyasəti, beynəlxalq münasibətlər, sosial problemlər, iqtisadi bərabərsizlik, müharibələr, texnologiya və internet mədəniyyəti barədə danışır. Onun çıxış tərzi klassik televiziya aparıcılarından fərqlənir. O, rəsmi və soyuq üslubdan uzaq, gündəlik danışıq dili ilə auditoriyaya müraciət edir. Məhz bu səbəbdən xüsusilə Z nəslinin diqqətini çəkməyi bacarıb.

Pikerin populyarlığı əsasən canlı yayımlar zamanı gündəmdəki hadisələri emosional, sərt və bəzən ironik formada şərh etməsi ilə artıb. O, ənənəvi media qurumlarını tez-tez elitadan uzaqlaşmaqda, reallığı tam əks etdirməməkdə və siyasi manipulyasiyada ittiham edir. Maraqlıdır ki, məhz bu tənqidlər onu ənənəvi mediadan uzaqlaşan gənclərin əsas informasiya mənbələrindən birinə çevirib. Solçu mövqeyi ilə seçilən bloger ABŞ-nin xarici və daxili siyasətini tənqid edir, ölkəyə mühacirəti məhdudlaşdıran qaydalara qarşı çıxır və odlu silah satışına nəzarət tələb edir. 

Ekspertlər hesab edir ki, Hasan Piker fenomeni artıq tək bir şəxsin uğuru deyil. Bu, media istehlakının dəyişməsinin göstəricisidir. Bir vaxtlar yalnız böyük telekanalların formalaşdırdığı ictimai rəyə indi kiçik otaqda kamera qarşısında əyləşən bir yayımçı da təsir göstərə bilir. Bu mənada Hasan Piker rəqəmsal medianın ənənəvi media üzərində qurduğu yeni üstünlüyün simvollarından biri sayılır.

Bakıya qarşı MÜHARİBƏ ELANI - Putin agenturanı hərəkətə keçirdi
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox