Mədəniyyət Nazirliyinin kitabxanaları bağlamaq niyyəti ilə bağlı yayılan fikirlər həqiqəti əks etdirmir.
AzEdu.az xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli “Real TV”yə müsahibəsində bildirib.
Nazir qeyd edib ki, əsas məqsəd mədəniyyət sahəsində xidmətlərin keyfiyyətini artırmaq və kitaba əlçatanlığı genişləndirməkdir. Onun sözlərinə görə, hazırda kitabxanalarla bağlı yeni yanaşma formalaşdırılır:
“Bugün kitabxanaları bağlamaqdan daha fərqli yanaşma mövcuddur. Məqsəd kitabxanaların faydalılığını və kitaba əlçatanlığı təmin etməkdir”.
Nazir vurğulayıb ki, rəqəmsallaşma əsasında yeni kitabxana sisteminin və geniş kitabxana şəbəkəsinin yaradılması nəzərdə tutulur:
“Hədəf odur ki, kitab hər kəs üçün əlçatan olsun. İnsan kitabdan istifadə etmək istədiyi anda onu rahatlıqla əldə edə bilsin”.
O əlavə edib ki, bu istiqamətdə artıq yol xəritəsi hazırlanıb və yaxın zamanda ictimaiyyətə geniş məlumat veriləcək:
“Məqsədimiz kitabxanaların funksionallığını, xidmət və əhatə dairəsini daha da genişləndirməkdir”.