Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-21 14:11:23
Ekspert qəbul proqramında Tarix və Coğrafiyaya aid yenilikləri sadaladı  

“Tarix fənnindən Şumerlər əlavə olunub. I dünya müharibəsi haqqında bilgilər daha az tələb olunur”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi deyib. Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə qəbul proqramında bir sıra fərqlər var:

“Tarix fənnindən Şumerlər əlavə olunub. I dünya müharibəsi haqqında bilgilər daha az tələb olunur. XX əsrin sonu və XXI əsrin əvvəllərində dövlətlərarası münasibətlər əvvəlki illərdə olduğu kimi yenə də var, amma indi sadəcə münasibətlərdən daha çox bilik tələb olunur. Qalan mövzular isə demək olar ki, yerindədir.

Azərbaycan tarixində Qurtuluş hərəkatı, xarici siyasət və s. kimi mövzularda da bilik tələb olunur”

Elçin Əfəndi Coğrafiya fənni üzrə proqrama edilən dəyişikliklər barədə də münasibət bildirib:

“Coğrafiyada coğrafi məkan, təbiət və cəmiyyət olmaqla fənn kurikulumunun müəyyən etdiyi bu 3 məzmun xəttinin 6 əsas standartı əsasında proqram tərtib olunub. Burada da bir sıra yeniliklər var. Digər fənlərdə kurikuluma və ona əsaslanan dərsliklərə əsasən, bəzi çıxarılan və əlavə olunan mövzular özünü göstərir.

Bütün abituriyentlərə, müəllimlərə məsləhət görərdim ki, mütləq Dövlət İmtahan Mərkəzinin "Abituriyent 1" saylı jurnalını əldə edib mövcud proqramlarla tanış olsunlar. Bu onların daha səmərəli hazırlaşmalarında əsas faktordur.Bundan əlavə, abituriyentlər üçün jurnalda bəzi məlumatların olması da onların işinə yarayacaq amillərdir. Məsələn, balların hesablanması, xüsusi ali məktəblərə ərizə qəbulu, bloklar üzrə sual nümunələri və s. jurnalda əksini tapıb”.

Xatırladaq ki, “Abituriyent” jurnalının 1-ci nömrəsi nəşr olunub.

Jurnalın bu nömrəsində ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları, I,II,III və IV ixtisas qruplarına daxil olan fənlər üzrə yeni təhsil proqramları (kurikulumlar) və yeni dərsliklər əsasında hazırlanmış qəbul imtahanı proqramları, ədəbiyyat siyahısı, fənlər üzrə tapşırıq nümunələri, balların hesablanma qaydası, xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları və digər zəruri materiallar dərc olunub.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları