Türkiyənin Bursa şəhərində fəaliyyətə başlayan Azərbaycan Kültür və İş Birliyi Dərnəyi (AKİD) qısa müddətdə həm tələbələr, həm qadınlar, həm də ailələr üçün yeni əməkdaşlıq platformasına çevrilməyi hədəfləyir.
AzEdu.az xəbər verir ki, dərnəyin sədri, əslən azərbaycanlı olan Pervin Hazar Modern.az-a müsahibəsində təşkilatın yaranma məqsədindən, Türkiyədə yaşayan azərbaycanlıların problemlərindən, təqaüd layihələrindən və Türk dünyası ilə bağlı gələcək planlarından danışıb.
– İlk olaraq dərnəyiniz haqqında məlumat almaq istərdik. AKİD hansı məqsədlə yaradılıb?
– Azərbaycan Kültür və İş Birliyi Dərnəyi qısaca AKİD Türkiyə ilə Azərbaycan arasında tarixdən gələn qardaşlıq münasibətlərini daha sistemli və institusional şəkildə inkişaf etdirmək məqsədilə yaradılıb. Biz yalnız iki ölkə arasındakı əlaqələri qorumağı deyil, eyni zamanda bütün Türk dünyasını əhatə edən daha geniş əməkdaşlıq platforması qurmağı qarşıya məqsəd qoymuşuq.
Hazırda Bursa şəhərində təxminən 6 min azərbaycanlı ailə yaşayır. Bununla yanaşı, şəhərdə fəaliyyət göstərən dörd universitetdə minlərlə azərbaycanlı tələbə təhsil alır. Yəni burada kifayət qədər böyük bir azərbaycanlı icması formalaşıb. Amma uzun illər bu insanlar arasında koordinasiyalı fəaliyyət, vahid platforma və təşkilatlanma problemi var idi.
Biz gördük ki, artıq belə bir quruma ciddi ehtiyac yaranıb. AKİD məhz bu ehtiyacdan doğdu. Dərnəyimizin əsas məqsədi Türkiyədə yaşayan azərbaycanlıları bir araya gətirmək, onların həm sosial, həm təhsil, həm də iş dünyası ilə bağlı problemlərinə dəstək olmaqdır.
Eyni zamanda istəyirik ki, ortaq tariximizi, dilimizi və mədəniyyətimizi qoruyaraq gələcək nəsillərə ötürək. Çünki Azərbaycan və Türkiyə arasındakı münasibətlər sadəcə siyasi və diplomatik münasibətlər deyil. Bu, ortaq keçmişə, ortaq mədəniyyətə və ortaq kimliyə söykənən bir qardaşlıqdır.
– Bu məqsədlə hazırda hansı fəaliyyətləri həyata keçirirsiniz?
– Dərnəyimiz çox yenidir, cəmi iki aydır fəaliyyət göstəririk. Amma qısa müddətdə artıq müəyyən təşkilatlanma işləri aparmışıq. İlk növbədə universitet tələbələri ilə işləməyə başlamışıq. Çünki Türkiyəyə gələn azərbaycanlı gənclər ən çox dəstəyə ehtiyac duyan qruplardan biridir.
Mayın 14-də Bursa Texniki Universitetində tələbələrlə birlikdə ilk genişmiqyaslı tədbirimizi keçirəcəyik. Bu tədbirdə həm tələbələrin problemləri müzakirə olunacaq, həm də onların gələcəkdə AKİD daxilində necə təşkilatlanacağı ilə bağlı addımlar atılacaq.
Bundan başqa qadın qollarımız yaradılıb. Azərbaycandan Türkiyəyə gələn qadınların bir hissəsi burada iş həyatı ilə bağlı ciddi çətinliklər yaşayır. Bəziləri ali təhsilli və peşəkar təcrübəyə malik olsalar da, düzgün iş imkanlarına çıxış tapa bilmirlər və ya rəsmi prosedurlarda problemlərlə qarşılaşırlar. Biz istəyirik ki, bu qadınlar həm hüquqi, həm sosial, həm də peşəkar baxımdan dəstək görsünlər.
Paralel olaraq universitetlərlə əməkdaşlıq protokolları üzərində işləyirik. Yerli bələdiyyələr, valiliklər və müxtəlif dövlət qurumları ilə də görüşlərimiz davam edir. Məqsədimiz mədəniyyət, təhsil və sosial layihələr istiqamətində uzunmüddətli əməkdaşlıq qurmaqdır.

– Türkiyədə təhsil alan azərbaycanlı tələbələr üçün təqaüd layihələri də nəzərdə tutulurmu?
– Bəli, bu bizim ən vacib layihələrimizdən biridir. Çünki Azərbaycandan Türkiyəyə, xüsusilə də Bursa şəhərinə təhsil almağa gələn tələbələrin sayı ildən-ilə artır. Hazırda yalnız Bursadakı universitetlərdə 4 mindən çox azərbaycanlı tələbə təhsil alır. Bu gənclər fərqli bir ölkəyə, fərqli bir şəhərə gəlirlər və ilk dövrlərdə həm maddi, həm də sosial baxımdan ciddi çətinliklərlə qarşılaşırlar.
Bəzən tələbələr qalacaq yer tapmaqda çətinlik çəkirlər, bəzən düzgün staj və iş imkanlarına yönləndirilməyə ehtiyac duyurlar. Rəsmi prosedurlar, sənədləşmə və gündəlik həyatla bağlı problemlər də olur. Biz istəyirik ki, AKİD yalnız mədəni fəaliyyət göstərən bir dərnək olmasın, eyni zamanda tələbələrin real problemlərinə toxunan bir dəstək platformasına çevrilsin.
Bu səbəbdən dərnək olaraq gələcəkdə xüsusi təqaüd proqramı yaratmağı planlaşdırırıq. Məqsədimiz akademik göstəriciləri yüksək olan, müəyyən kriteriyalara cavab verən azərbaycanlı tələbələrə maddi dəstək verməkdir. Bununla yanaşı, tələbələrin yalnız maliyyə baxımından deyil, mənəvi və peşəkar baxımdan da yanında olmaq istəyirik.
Planlarımız arasında universitetlərlə əməkdaşlıq protokolları imzalamaq, tələbələr üçün seminarlar, çalıştaylar və mentorluq proqramları təşkil etmək də var. Biz tələbələrin ehtiyaclarını daha düzgün müəyyənləşdirmək üçün xüsusi çalıştay keçirməyi və onların gözləntilərini hesabat şəklində toplamağı düşünürük. Bu hesabat əsasında həm təhsil, həm sosial adaptasiya, həm də iş imkanları istiqamətində layihələr hazırlayacağıq.
Əslində bu artıq sadəcə bir istək deyil, real ehtiyacdır. Bursa şəhərində böyük azərbaycanlı tələbə icması var, amma uzun illər onların koordinasiyalı şəkildə bir araya gələcəyi platforma olmayıb. Biz AKİD olaraq həmin boşluğu doldurmağı və Türkiyəyə gələn hər bir azərbaycanlı tələbənin özünü tək hiss etməməsini istəyirik.
Ən əsas məqsədlərimizdən biri də Azərbaycan-Türkiyə qardaşlığını yalnız siyasi səviyyədə deyil, gənclərin gündəlik həyatında da hiss etdirə bilməkdir. Çünki bu tələbələr gələcəyin alimləri, müəllimləri, iş adamları və dövlət idarəçiləridir. Onların daha güclü və daha hazırlıqlı yetişməsi həm Azərbaycan, həm də Türkiyə üçün önəmlidir.
– Dərnəyinizin adı diqqətçəkəndir. Zaman-zaman Türkiyədə Azərbaycan mədəniyyətinə münasibət müzakirə olunur. Bəs sizcə bu münasibət hansı səviyyədədir?
– Türkiyədə Azərbaycana qarşı çox böyük sevgi və simpatiya var. İnsanlar Azərbaycanı özlərinə yaxın görürlər. Bunun əsas səbəbi ortaq tariximiz, dilimiz və mədəniyyətimizdir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da dəfələrlə “iki dövlət, bir millət” mesajını verib. Bu fikir sadəcə siyasi şüar deyil, gündəlik həyatda da hiss olunan bir reallıqdır.
Biz bunu xüsusilə Bursa şəhərində daha çox görürük. Türk xalqının azərbaycanlılara münasibəti çox səmimidir. Dərnəyimizin idarə heyətində də həm türklər, həm azərbaycanlılar yer alır. Bu da bizim üçün çox önəmlidir. Çünki AKİD yalnız azərbaycanlıların bir araya gəldiyi qurum deyil, Türkiyə-Azərbaycan dostluğunu birlikdə yaşadan bir platformadır.
Əsas məqsədimiz də bu münasibətləri gələcək nəsillərə daşımaqdır. İstəyirik ki, bugünkü gənclər və uşaqlar Azərbaycanla Türkiyə arasındakı qardaşlığı daha dərindən öyrənsin və yaşatsınlar.

– Bursa şəhərində yaşayan azərbaycanlıların əsas problemləri nələrdir?
– Ən böyük problem təşkilatlanmanın olmamasıdır. Bursa şəhərində həm ailə, həm də tələbə olaraq kifayət qədər böyük azərbaycanlı icması var. Amma hər kəs ayrı-ayrılıqda mübarizə aparır.
Biz istəyirik ki, AKİD bu insanları bir araya gətirsin. Çünki birlik olduqda problemləri həll etmək daha asan olur.
Xüsusilə tələbələr və qadınlarla bağlı ciddi problemlər var. Tələbələr yeni ölkəyə uyğunlaşmaqda çətinlik çəkirlər. Qadınlar isə iş həyatı ilə bağlı problemlərlə qarşılaşırlar. Biz bu istiqamətlərdə real dəstək mexanizmləri yaratmaq istəyirik.
Eyni zamanda ailələrin də bir araya gəlməsi vacibdir. Azərbaycan və Türkiyənin önəmli günlərində böyük tədbirlər, proqramlar təşkil etməyi planlaşdırırıq. Bu həm birlik ruhunu gücləndirəcək, həm də yeni nəsillərin milli-mənəvi dəyərlərlə böyüməsinə töhfə verəcək.
– Azərbaycanda və digər ölkələrdə də fəaliyyət göstərməyi planlaşdırırsınız?
– Bəli, bu bizim əsas hədəflərimizdən biridir. Dərnəyimizin nizamnaməsində həm Türkiyənin müxtəlif şəhərlərində, həm də xarici ölkələrdə nümayəndəliklərin yaradılması nəzərdə tutulub.
Artıq Azərbaycan nümayəndəliyinin yaradılması ilə bağlı görüşlər keçirmişik. Bundan sonra Almaniyada da təmsilçilik yaratmaq planımız var. Çünki Avropada da böyük azərbaycanlı və türk diasporu yaşayır və onların təşkilatlanmasına ehtiyac var.
Bundan əlavə Türkiyənin Milli Təhsil Nazirliyi, TÜİK və iş adamları birlikləri ilə görüşlərimiz olub. Bu əməkdaşlıqları daha da genişləndirmək istəyirik.
Uzunmüddətli məqsədimiz Türkiyə və Azərbaycanın öncüllüyündə bütün Türk dünyasını əhatə edən güclü əməkdaşlıq platforması yaratmaqdır.

– Gələcək üçün başqa əsas hədəfləriniz nələrdir?
– Əsas məqsədimiz tariximizi və mədəniyyətimizi həm Türkiyədə, həm də beynəlxalq platformalarda düzgün şəkildə təbliğ etməkdir. Gənc nəsillərin Türkiyə-Azərbaycan münasibətlərini daha dərindən mənimsəməsini istəyirik.
Eyni zamanda tələbələr üçün təqaüd layihələri yaratmaq, onların problemlərini həll etmək və sosial dəstək mexanizmləri qurmaq əsas prioritetlərimizdəndir.
Qadınların iş həyatına daha rahat inteqrasiyası, ailələrin bir araya gəlməsi və Türk dünyası arasında əlaqələrin gücləndirilməsi də əsas fəaliyyət istiqamətlərimiz olacaq.
Biz “Tarixin əmanəti ilə, gələcəyin izinə” şüarı ilə fəaliyyət göstəririk. Məqsədimiz yalnız bugünü deyil, gələcəyi də düşünən davamlı bir əməkdaşlıq platforması qurmaqdır.