Ötən gün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2026-cı il aprelin 12-də keçirilən buraxılış imtahanının nəticələri elan olundu. İmtahanda maksimum - 300 bal toplayan şagirdlərdən biri də Aydan Gülalıyevadır.
O, Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdidir.
Aydanın maksimum bal toplaması münasibətilə AzEdu.az ondan təəssüratlarını öyrənib.
Şagird qeyd edib ki, maksimum bal toplamaq onun üçün gözlənilən olub:
“Nəticəmi görəndə, əlbəttə ki, çox sevindim. Maksimum bal toplayacağımı gözləyirdim. İmtahana hazırlaşarkən özüm üçün plan qururdum və hər fənnə kifayət qədər vaxt ayırmağa çalışırdım. Düşünürəm ki, uğurumun əsas sirri davamlı və məqsədyönlü çalışmağım olub”.
Lisey müəllimlərimin köməyi ilə hazırlaşdım:
“Gün ərzində dərs hazırlığı üçün xüsusi vaxt müəyyən edirdim. Repetitor yanına getmirdim, liseydəki müəllimlərimin dəstəyi mənim üçün kifayət edirdi.
11-ci sinif imtahanında da maksimum nəticə göstərəcəyimə inanıram. Hazırlıq müddətində diqqətimi əsasən dərslərə yönəldirdim, sosial şəbəkələrdən isə mümkün qədər uzaq durmağa çalışırdım.
Gələcəkdə ali təhsilimi Prezident yanında Dövlət İdarəçilik Akademiyasında hüquq ixtisası üzrə davam etdirmək istəyirəm”.