Rusiyanın Kamçatka şəhərində həkimlər istifadə olunmuş şprislə bir uşağa İİV (insanın immunçatışmazlığı virusu) yoluxdurub və infeksiyanı gizli saxlayıblar.
Ailə dəhşətli diaqnozu yalnız illər sonra, xəstəlik xeyli irəlilədikdə təsadüfən öyrənib.
AzEdu.az bu barədə "Baza" "Telegram" kanalına istinadən xəbər verir.
"2020-ci ilin iyul ayında Kamçatka Regional Uşaq Xəstəxanasının Neonatal patologiya şöbəsində iki körpə eyni palatada müalicə olunurdu. Onlardan birində İİV statusu təsdiqlənmişdi, digəri isə sağlam idi. Xəstəxanadan çıxdıqdan sonra ilkin olaraq sağlam olan körpənin İİV statusu xəstəxanadan çıxarış sənədində qeyd edilməmişdi, baxmayaraq ki, bu, artıq analizlərdən məlum idi. Uşaq dörd ildən çox antiretrovirus terapiyası almayıb, diaqnoz əməliyyatdan əvvəl aparılan testlər zamanı təsadüfən aşkar edilib. 2024-cü ilin dekabr ayına qədər, nəhayət, müalicəyə başlananda xəstəlik son mərhələyə çatmış və QİÇS-ə (qazanılmış immun çatışmazlığı sindromu) doğru irəliləmişdi. Əlavə müayinələr ciddi ağırlaşmaları və immun sisteminin zədələnməsini ortaya çıxarıb. Bundan sonra istintaq başladılıb. "Rospotrebnadzor" (İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmət) avadanlıqlarda və işçilərin əllərində patogen bakteriyalar aşkarlayıb, demək olar ki, heç bir antiseptik vasitənin istifadə olunmadığı müəyyən edilib", - deyə məlumatda bildirilir.
Məhkəmə-tibbi ekspertizası isə işçilərin hər iki uşağın venadaxili kateterlərini yumaq üçün eyni şprisdən istifadə etdiyini təsdiqləyib.
Zərərçəkmişləri təmsil edən vəkil Bulat Muxamedjanov "Baza"ya bildirib ki, İstintaq Komitəsi səhlənkarlıq faktı ilə bağlı dərhal cinayət işi açıb, bütün lazımi sənədləri toplayıb və qısa müddətdə ekspertiza keçirib. Uşağın valideynləri artıq məhkəmə vasitəsilə xəstəxanadan dəymiş zərərin və müalicə xərclərinin ödənilməsi üçün kompensasiya tələb edəcəklər.