Azedu.az

Direktorları üçün adaptasiya proqramına start verilib

Xəbərlər

7 May 2026, 13:07
Direktorları üçün adaptasiya proqramına start verilib

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən yeni təyin olunan ümumtəhsil müəssisələrinin direktorları üçün adaptasiya proqramına start verilib.

AzEdu.az xəbər verir ki, proqramın məqsədi yeni təyinat alan direktorların idarəetmə bacarıqlarını formalaşdırmaq, təhsil qanunvericiliyinin düzgün tətbiqini təmin etmək, məktəbdaxili proseslərin səmərəli təşkili üzrə biliklərini artırmaq, həmçinin liderlik və qərarvermə bacarıqlarını inkişaf etdirməkdir.

Proqramın açılış tədbirində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, yeni təyin olunan məktəb direktorları, onlara kurator kimi təyin edilən təcrübəli direktorlar və təlimçi qismində fəaliyyət göstərəcək əməkdaşlar iştirak ediblər.

Açılış tədbirində çıxış edən idarə müdiri Elçin Kərimov adaptasiya proqramının əhəmiyyətindən bəhs edərək qeyd edib ki, yeni təyin olunan direktorların fəaliyyətə daha hazırlıqlı başlaması, idarəetmə sahəsində bilik və bacarıqlarının gücləndirilməsi ümumi təhsil müəssisələrində səmərəli idarəetmənin təmin olunmasına xidmət edir. O bildirib ki, proqram çərçivəsində iştirakçılar təhsil sahəsində normativ-hüquqi sənədlərlə işləmək, məktəbdaxili idarəetməni düzgün qurmaq, kollektivlə effektiv ünsiyyət və liderlik bacarıqlarını inkişaf etdirmək istiqamətində praktiki biliklər əldə edəcəklər.

Proqram çərçivəsində ilk təlim Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov tərəfindən keçirilib. Təlim zamanı iştirakçılara təhsil sistemi və idarəetmə strukturu, ümumtəhsil müəssisələrində idarəetmənin əsas prinsipləri, həmçinin “Dövlət ümumi təhsil müəssisələrində siniflər üzrə şagird sıxlığı normaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarı barədə ətraflı məlumat verilib.

Bundan əlavə, təlim çərçivəsində məktəbdaxili idarəetmənin səmərəli təşkili, təhsil müəssisələrində planlaşdırma və hesabatlılıq mexanizmləri, müəllim və şagird kontingentinin düzgün idarə olunması, eləcə də rəhbərlik fəaliyyətində şəffaflıq və məsuliyyət prinsiplərinin tətbiqi ilə bağlı müzakirələr aparılıb. İştirakçılar həmçinin praktiki situasiyalar üzərində fikir mübadiləsi apararaq qarşılaşa biləcəkləri idarəetmə məsələlərinin həlli yolları barədə məlumat əldə ediblər.

Qeyd edək ki, adaptasiya proqramı üç mərhələdən ibarət olacaq. Birinci ay tanışlıq və ilkin adaptasiya mərhələsini əhatə edir. Bu mərhələdə yeni direktorlar təhsil sistemi, normativ sənədlər və idarəetmə mexanizmləri ilə yaxından tanış olacaqlar. İkinci ay inkişaf və qiymətləndirmə mərhələsi üzrə həyata keçiriləcək və iştirakçıların idarəetmə bacarıqlarının gücləndirilməsinə yönəlmiş təlimlər təşkil olunacaq. Üçüncü ay isə praktiki idarəetmə mərhələsini əhatə edəcək və bu müddətdə direktorlar əldə etdikləri bilik və bacarıqları praktik fəaliyyət zamanı tətbiq edəcəklər.

Koronavirusdan sonra YENİ BƏLA: Nazirliklər hərəkətə keçdi
Son xəbərlərDaha çox