AzEdu.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə “ASAN TV”yə müsahibəsində qeyd edib.
"Dəbdə olan ixtisaslar elə sahələrdir ki, oraya keçid balları adətən yüksək olur. Lakin bu göstərici zamanla dəyişə bilər. Təəssüf ki, ixtisas seçimi zamanı bir çox abituriyentlər şəxsi maraq və qabiliyyətlərinə əsaslanmaq əvəzinə, daha çox dəbdə olan sahələrə və ətrafdakıların təsirinə yönəlirlər.
Məsələn, İT sahəsinə kifayət qədər sənəd verən abituriyentlər var. Lakin gülməli, bəlkə də ağlamalı məqam odur ki, müraciət edənlərin bir qisminin riyaziyyatdan nəticələri çox aşağıdır. Bu halda sual yaranır: həmin abituriyentlər niyə I ixtisas qrupunu seçiblər? Çox vaxt bu seçim qəbul şansının daha yüksək olması və ya plan yerlərinin çoxluğu kimi düşüncələrə əsaslanır".
Bugünkü gənclər ömürboyu oxumağa hazır olmalıdırlar:
"Ümumilikdə, ixtisas seçimi zamanı ən vacib məqam indiki dövrü deyil, gələcək 5 ili düşünməkdir. Əmək bazarı çox sürətlə dəyişir və bəzi ənənəvi ixtisasları yaxın gələcəkdə süni intellektin əvəzləməsi ehtimalı var. Buna görə də gənclər yalnız konkret bir ixtisasa deyil, öyrənmə bacarığına fokuslanmalıdırlar. Əsas məqsəd ömür boyu öyrənməyə hazır olmaq və dəyişən mühitə uyğunlaşma bacarığını inkişaf etdirmək olmalıdır".