18 may 2026-cı il saat 18:00-da dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı müsahibəyə yazılma mərhələsi bitir.
Eyni zamanda 6 may 2026-cı il saat 11:00-dan dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı məktəbəhazırlıq qruplarına cəlb olunmuş və olunmamış uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat aktivləşəcək.
AzEdu.az-a Məktəbəqədər Ümumi Təhsil üzrə və Dövlət Agentliyindən valideyinlərin ən çox verdiyi suallarım cavabları ilə birgə siyahısı təqdim olunub.
Həmin sual-cavabı təqdim edirik:
Sual: Hansı ümumi təhsil müəssisələrinin 1-ci sinfinə qəbul müsabiqə yolu ilə aparılır?
Cavab: Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası, Bülbül adına orta ixtisas musiqi məktəbinin həm Azərbaycan, həm də rus bölməsi üzrə 1-ci siniflərinə uşaqların qəbulu müsabiqə yolu ilə aparılır. Uşaqların qəbulu zamanı heç bir prioritet üzrə üstünlük nəzərə alınmır. İ.Əfəndiyev adına Elitar gimnaziya, Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksi, T.Həsənov adına 23 nömrəli tam orta məktəb, 132-134 nömrəli Təhsil Kompleksi, T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, “Zəngi” liseyinin rus bölməsinin 1-ci siniflərinə prioritetlər üzrə üstünlüyü olmayan uşaqların qəbulu müsabiqə yolu ilə aparılır.
Sual: Tədris digər dillərdə aparılan bölmələr üzrə I siniflərə qəbul hansı qaydada həyata keçirilir?
Cavab: Dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbul uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə təşkil olunan müsahibə komissiyalarının rəyi əsasında həyata keçirilir.
Sual: Övladı üçün sistem tərəfindən 1-ci sinfə avtomatik sorğu yerləşdirilmiş valideynə həmin ümumi təhsil müəssisəsini dəyişmək imkanı verilirmi?
Cavab: Valideyn şəxsi kabinetində “Sorğunu sil” düyməsini sıxaraq digər ümumi təhsil müəssisəsini seçə bilər.
Sual: Tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələr hansı formada keçiriləcək?
Cavab: Müsahibələr birbaşa ünsiyyət qurma (canlı) formada təşkil olunacaq.
Sual: Müsahibə nəticəsi məqbul hesab edilməyən uşaqlar üçün Azərbaycan bölməsi üzrə müraciət etmək imkanı nəzərdə tutulurmu?
Cavab: Müsahibə nəticəsi məqbul hesab edilməyən uşaqların valideynləri Azərbaycan bölməsi üzrə ümumi təhsil müəssisəsi seçimi edərək sorğu yerləşdirə bilərlər.
Sual: Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibənin nəticəsi valideyni qane etmədikdə hara müraciət edə bilər?
Cavab: Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibənin nəticəsi valideyni qane etmədikdə valideyn (qanuni nümayəndə) 14 may tarixindən 03 iyun tarixinədək www.mektebeqebul.edu.az saytındakı şəxsi kabinetinin “əlaqə” bölməsi vasitəsilə yerli təhsili idarəetmə orqanlarına müraciət edə bilər.
Sual: I sinfə şagird qəbulu üçün hara və hansı sənədlərin təqdim edilməsi tələb olunur?
Cavab: Valideyn (qanuni nümayəndə) I sinfə şagird qəbulu üçün aşağıdakı sənədləri ümumi təhsil müəssisəsinə təqdim etməlidir:
• Azərbaycan Respublikasının vətəndaşları üçün — valideynin şəxsiyyətini təsdiq edən sənədin və uşağın şəxsiyyət vəsiqəsinin əsli və surəti;
• Azərbaycan Respublikasının vətəndaşlığını sonradan almış və övladının doğum haqqında şəhadətnaməsi əvvəllər vətəndaşı olduğu ölkə tərəfindən verilmiş şəxslər üçün — Azərbaycan Respublikasının 16 yaşınadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi və ya xarici ölkənin doğum haqqında şəhadətnaməsi;
• xarici ölkə vətəndaşları üçün — valideynin xarici pasportu, Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu təqdirdə), uşağın doğum haqqında şəhadətnaməsinin əsli və surəti;
• digər ölkələrin vətəndaşları olan, qaçqınlıq statusu almış şəxslər üçün — BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi;
• uşağın sağlamlığı haqqında tibbi arayış (forma 26U);
• 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil;
• valideynin (qanuni nümayəndənin) www.mektebeqebul.edu.az elektron sistemində yaradılmış “Şəxsi kabinet”indən çap olunmuş “Ərizə”.
Sual: Yaşı 9 və yuxarı olan uşaqların I sinfə qəbulu mümkündürmü?
Cavab: Bəli. Yaşı 9 və yuxarı olan uşaqlar “Fərdi təhsilin təşkili haqqında Qaydalar”a uyğun olaraq fərdi təhsilə cəlb olunurlar.
Sual: Yaşı 9 və yuxarı olan uşaqların qeydiyyatı üçün hara və hansı sənədlərlə müraciət edilməlidir?
Cavab: Valideynlər www.mektebeqebul.edu.az portalında qeydiyyatdan keçdikdən sonra 01.07.2026-cı il tarixindən etibarən tələb olunan sənədlərlə yerli təhsili idarəetmə orqanlarına müraciət etməlidirlər.
Sual: Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu necə həyata keçirilir?
Cavab: Psixoloji-tibbi-pedaqoji komissiya təqdim olunan sənədləri qəbul edir, müvafiq müddətlərdə müayinə aparır və uşağın təhsilinin təşkilinə dair qərar qəbul edir.
Sual: Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün məktəb seçimi necə aparılır?
Cavab: Məktəb seçimi psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı əsasında həyata keçirilir.