Azedu.az

“Gündə 3-4 saat dərs oxuyurdum” - maksimum bal toplayan Aysu

Xəbərlər

2 May 2026, 12:55
“Gündə 3-4 saat dərs oxuyurdum” - maksimum bal toplayan Aysu

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri məlum olub. 

İmtahandan ümumilikdə 8 şagird 300 bal toplayıb.

Onlardan biri də Şəki şəhər Kimya-biologiya təmayüllü liseyinin 9-cu sinif şagirdi Aysu Cəmillidir.

AzEdu.az bu münasibətlə Aysu ilə həmsöhbət olub.

O qeyd edib ki, qarşısına yüksək hədəf qoyub və qəbul imtahanından 690 baldan çox toplamağı düşünür.

“Bu nəticəni ailə ilə bir yerdə gördük. Görəndə çox həyəcanlı və sevincli idik və bu balı gözləyirdik.

İmtahanlara əsasən özüm hazırlaşmışam. Sadəcə ingilis dilində tam əmin olmadığım üçün repetitor dəstəyi almışam. İmtahan ümumilikdə mənim üçün yaxşı keçdi, bütün fənlər mənə asan gəldi. Xüsusilə riyaziyyat daha rahat idi, çünki bu fəndə özümü daha güclü hiss edirəm.

Gələcəkdə kompüter mühəndisi olmaq istəyirəm və bu istiqamətdə ADA Universitetində təhsil almağı planlaşdırıram. Qarşıma yüksək hədəf qoymuşam, qəbul imtahanından 690 baldan çox toplamağı düşünürəm.

Sosial şəbəkələrlə bağlı düşünürəm ki, onlardan tam uzaq olmaq lazım deyil. Mən də istifadə edirdim, düzü çox aktiv deyildim. Gündə maksimum 2 saat vaxt ayırırdım və əsas diqqətimi dərslərimə yönəldirdim. Eyni zamanda hesab edirəm ki, hər kəs özünə müəyyən qədər istirahət vaxtı ayırmalıdır.

Gündəlik olaraq təxminən 3-4 saat dərs oxuyurdum. Məncə əsas məsələ çox oxumaq deyil, disiplinli olmaq, diqqəti yayındıran şeyləri azaltmaq və dərslərə fokuslanmaqdır.

Məncə uğurumun əsas sirri valideynlərimin və müəllimlərimin dəstəyi olub. Onların verdiyi motivasiya və mənim 300 bal toplamaq istəyim bu nəticəyə çatmağımda böyük rol oynadı. 8-ci sinifdən 300 bal toplamağı qarşıma hədəf qoymuşdum və dayanmadan çalışırdım”.

Gələcəkdə İtaliyada təhsil almaq istəyirəm:

“Ümumilikdə xaricdə oxumaq planım var və xüsusilə İtaliyada təhsil almaq maraqlı olardı. Bu ölkənin mədəniyyəti, gəzməli-görməli yerləri və memarlığı diqqətimi çəkir. Amma konkret universitet seçimi ilə bağlı hələ araşdırma aparmamışam.

Cəmiyyətdə belə bir fikir var ki, yüksək balı əsasən şəhər məktəblərində oxuyanlar toplayır. Mən bu fikirlə razı deyiləm. Düşünürəm ki, bu, daha çox insanın özündən asılıdır. Əgər bir insanın daxilində oxumaq istəyi və məqsədi varsa, o buna nail ola bilər. Şəhər və ya rayon fərqi o qədər də önəmli deyil. Əsas olan insanın olduğu mühit, ünsiyyətdə olduğu insanlar və qarşısına qoyduğu hədəflərdir”.

Rusiyadan Azərbaycan bayrağına görə QOVULDU - ŞOK QƏRAR
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox