Ötən gün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2026-cı il aprelin 5-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.
İmtahandan ümumilikdə 8 şagird 300 bal toplayıb.
Onlardan biri də Seyid Cəfər Pişəvəri adına humanitar fənlər gimnaziyasının IX sinif şagirdi İnci Bayramzadədir.
AzEdu.az bu münasibətlə İnci ilə həmsöhbət olub.
Onun sözlərinə görə, imtahana müəllimlərinin dəstəyi ilə repetitor köməyi olmadan hazırlaşıb.
“Nəticəmi gördükdə çox sevindim və hətta göz yaşlarımı saxlaya bilmədim. Bu uğur mənim üçün çox böyükdür.
İmtahandan sonrakı gün Dövlət İmtahan Mərkəzinin rəsmi səhifəsində etalon cavablarla yoxlama apardıqda səhvimin olmadığını gördüm. Açıq suallarla bağlı müəyyən tərəddüdlərim olsa da, özümə güvənirdim və nəticə mənim üçün gözlənilməz olmadı.
İmtahan ümumilikdə mənim üçün yaxşı keçdi. Ən rahat olduğum fənn riyaziyyat idi. Çünki ibtidai sinifdən bu sahədə çalışmışam və məntiq kimi yaxın istiqamətlər üzrə də çoxlu vəsaitlər işləyib bitirmişəm. Lakin Azərbaycan dili, xüsusilə oxuyub-anlama mətnləri mənim üçün daha çətin idi. Buna baxmayaraq, müəllimlərimin dəstəyi ilə imtahana qədər kifayət qədər hazırlıq gördüm.
Hazırlıq prosesində əsasən məktəb müəllimlərimin dəstəyindən yararlanmışam və əlavə kurslara getməmişəm”.
O qeyd edib ki, gələcək hədəfi qəbul imtahanlarından 700 bal toplamaqdır:
“Gələcək planlarıma gəldikdə isə, universitet seçimi ilə bağlı hələ tam qərar verməmişəm. Bununla belə, kompüter sahəsində təhsil almaq istəyirəm.
Gələcəkdə magistratura təhsilimlə bağlı xaricdə təhsil almağı düşünürəm. Ancaq indi vətənimdən ayrı düşmək istəmirəm. Gələcək illərdə də Azərbaycan universitetlərində təhsil almağı düşünürəm və vətəndən kənara çıxmaq planım hələ ki yoxdur. Artıq qəbul imtahanı ilə bağlı müəyyən hədəf formalaşdırmışam. 300 bal topladıqdan sonra 700 bala çatmaq ümidi daha da artır və insan özünə daha çox inanmağa başlayır.
Cəmiyyətdə belə bir fikir var ki, yüksək bal toplayan şagirdlər sosial şəbəkələrdən istifadə etmir və ya ümumiyyətlə telefonları olmur. Mən bu fikirlə razı deyiləm. Çünki mənim də sosial şəbəkələrdən istifadə etdiyim vaxtlar olub, filmlərə baxmışam və istirahətə də zaman ayırmışam. Sadəcə olaraq, vaxtı düzgün bölmək və prioritetləri düzgün müəyyənləşdirmək vacibdir. Hər şeyə kifayət qədər vaxt çatdırmaq mümkündür.
Gündəlik dərs saatlarına gəldikdə isə, bu planlı şəkildə dəyişirdi və mən çalışırdım ki, dərs prosesini səmərəli qurum. Əsas məqsəd çox oxumaq yox, düzgün və effektiv oxumaq idi”.
İnci həmyaşıdlarına tövsiyələrini paylaşıb:
“Həmyaşıdlarıma tövsiyəm odur ki, ruhdan düşməsinlər və daim üzərlərində işləsinlər. Mütəmadi olaraq sınaq imtahanında iştirak etsinlər. Sınaqlardan sonra səhvlərini analiz etmək çox vacibdir. Həmçinin, vaxtı düzgün idarə etməyi öyrənmək üçün tapşırıqları xronometrlə yerinə yetirmək faydalıdır. Çünki imtahanda vaxt çatışmazlığı bir çox şagird üçün əsas problemlərdən biri olur.
300 bal toplamağımda əsas faktor isə davamlılıq və zəhmət idi. Kiçik yaşlardan başlayaraq üzərimdə müntəzəm şəkildə çalışmışam və bu prosesdə müəllimlərimin dəstəyi, həm də öz iradəm böyük rol oynayıb. Mən yalnız imtahana düşəcək fənləri deyil, bütün fənləri yaxşı oxumağa çalışmışam. Çünki bizə lazım olacaq məlumatların hansı vəsaitdən çıxacağını bilə bilmərik. Buna görə də digər fənləri də dərindən mənimsəmək lazımdır. Həmçinin, müxtəlif tip tapşırıqlar üzərində işləmək çox faydalıdır və bu, biliklərin daha da möhkəmlənməsinə kömək edir. Eyni zamanda, səviyyəyə və imkanlara uyğun materiallar seçib işləmək daha səmərəli nəticə verir. Müxtəlif fənlər üzrə balanslı şəkildə hazırlaşmaq da nəticəyə ciddi təsir göstərən amillərdən biri olub.
Və qeyd edim ki, mən bu il RFO-dan riyaziyyat üzrə final mərhələsində iştirak etmişəm”.