Qobustan rayonunda ilk dəfə təşkil olunan “English Language Night” böyük maraqla qarşılanıb.
AzEdu.az xəbər verir ki, 30 aprel 2026-cı il tarixində Cəyirli kənd tam orta məktəbin də “İlin Gənc Müəllimi 2024” müsabiqəsinin qalibi, ingilis dili müəllimi Aynur Axundovanın təşəbbüsü və yüksək təşkilatçılığı ilə “English Language Night” adlı innovativ tədbir həyata keçirilib. Tədbir şagirdlərin ingilis dili üzrə kommunikativ bacarıqlarının inkişaf etdirilməsi, onların yaradıcılıq potensialının üzə çıxarılması və dilin praktik mühitdə tətbiqinin təşviqi məqsədi daşıyıb.
Tədbir çərçivəsində təqdim olunan səhnəciklər məzmun və ideya baxımından zənginliyi ilə seçilib. Səhnələr vasitəsilə şagirdlər həm qədim dövrlərə, həm də müasir dövrə “səyahət” edərək müxtəlif dövrlərin ruhunu canlandırıblar. Dahi şəxsiyyətlərin aforizmlərinin orijinal dildə – ingilis dilində səsləndirilməsi tədbirə xüsusi intellektual dəyər qatıb. Bununla yanaşı, Azərbaycan xalqının zəngin mədəniyyəti və adət-ənənələri ingilis dilində təqdim olunaraq milli dəyərlərin qlobal müstəvidə ifadəsinə nail olunub.
Səhnə çıxışları şagirdlərin yalnız dil biliklərini deyil, eyni zamanda onların tənqidi düşünmə, yaradıcılıq, əməkdaşlıq və səhnə mədəniyyəti kimi XXI əsr bacarıqlarını nümayiş etdirib. Şagirdlərin səhnədə sərbəst və inamlı çıxışları onların dilə olan marağının artdığını və öyrənmə prosesinə aktiv şəkildə cəlb olunduqlarını bir daha təsdiqləyib. Bu baxımdan, təqdim olunan səhnələr şagirdlərin dil bacarıqlarının inkişafına əhəmiyyətli töhfə verən, yüksək pedaqoji dəyərə malik fəaliyyətlər kimi qiymətləndirilib.
Qobustan rayonunda bu formatda ilk dəfə təşkil olunan tədbir geniş ictimai marağa səbəb olub. Tədbirdə valideynlər, pedaqoji ictimaiyyət nümayəndələri, eləcə də digər ümumtəhsil müəssisələrindən dəvət olunmuş direktorlar və müəllim heyəti iştirak edib. Qonaqlar tədbirin yüksək səviyyədə təşkilini, şagirdlərin hazırlıq səviyyəsini və çıxışların məzmun zənginliyini xüsusi vurğulayaraq bu təşəbbüsü yüksək qiymətləndiriblər.
Tədbirin sonunda fəal iştirak edən şagirdlərə xatirə sertifikatları təqdim olunub. Daha sonra məktəb rəhbərliyi, müəllimlər və qonaqlar arasında aparılan müzakirələrdə bu kimi innovativ yanaşmaların şagirdlərin hərtərəfli inkişafında mühüm rol oynadığı qeyd edilibvə bu təcrübənin davamlı xarakter almasının vacibliyi vurğulanıb.
“English Language Night” tədbiri bir daha nümayiş etdirdi ki, müasir tədris yanaşmaları tətbiq olunduqda dil öyrənmə prosesi daha effektiv, maraqlı və nəticəyönümlü olur, şagirdlər isə bu prosesin fəal iştirakçısına çevrilirlər.