Azedu.az

150-190 balla universitetə qəbul: onları hansı çətinliklər gözləyir?

Xəbərlər

1 May 2026, 09:03
150-190 balla universitetə qəbul: onları hansı çətinliklər gözləyir?

Bir çox abituriyent 150-190 bal aralığında nəticə ilə də müəyyən ixtisaslara qəbul ola bilir. Onlar ilkin mərhələdə əsasən qəbul olmağı hədəfləsələr də, qəbuldan sonrakı mərhələni hər zaman yetərincə nəzərə almırlar.

Maraqlıdır ki, bu bal aralığında qəbul olan abituriyentlərin sonrakı akademik göstəriciləri hansı səviyyədə olur? Bu tələbələr ali təhsil mühitinə nə dərəcədə uyğunlaşa bilir və tədris proqramını uğurla mənimsəməkdə çətinlik çəkirlərmi?

AzEdu.az-a mövzu ilə bağlı BDU-nun müəllimi, elm və təhsil eksperti Səbuhi Abdullayev danışıb.

O qeyd edib ki, fundamental elmlər üzrə ixtisaslara qəbul zamanı müəyyən məhdudiyyətlər və minimum tələblər qoyulmalıdır:

“Mən ali təhsil müəssisəsində müəllim kimi bu problemlə tez-tez qarşılaşıram. Məsələn, fizika fakültəsində dərs deyərkən tələbələrin riyazi biliklərinin çox aşağı səviyyədə olduğunu müşahidə edirəm. Hətta bəzən sorğular zamanı məlum olur ki, onların bəziləri riyaziyyatdan cəmi 5 doğru cavab yazaraq imtahandan keçiblər.

Təsəvvür edək ki, ümumi balı təxminən 200 olan abituriyent artıq ali təhsil müəssisəsində tələbədir və fundamental elm sahəsi olan fizikanı öyrənməlidir. Bu sahədə uğur qazanmaq üçün isə güclü riyazi baza vacibdir. Hesab edirəm ki, məhz bu kimi fundamental elmlər üzrə ixtisaslara qəbul zamanı müəyyən məhdudiyyətlər və minimum tələblər qoyulmalıdır”.

O əlavə edib ki, aşağı balla universitetə qəbul olan tələbələr təhsil müddətində ciddi çətinliklərlə üzləşirlər:

“Digər tərəfdən, iqtisadiyyat, turizm, menecment, marketinq, ekologiya ilə bağlı ixtisaslar və ya incəsənət sahələri var ki, burada daha çox praktik bacarıqlar ön plana çıxır. Bu ixtisaslara aşağı bal aralığında qəbul olan tələbələrin əksəriyyəti kifayət qədər yüksək nəticə toplamadan universitetə daxil olur və təhsil müddətində müəyyən çətinliklərlə üzləşir.

Nəticədə, akademik borclar yaranır, bəzi hallarda tələbələr təhsili yarımçıq qoyurlar. Bu baxımdan, xüsusilə spesifik və fundamental bilik tələb edən ixtisaslar üzrə minimum keçid ballarının müəyyən edilməsi onların gələcək perspektivlərinə müsbət təsir göstərə bilər. Bu yanaşma eyni zamanda abituriyentlərin də daha düzgün seçim etməsinə, öz potensiallarına uyğun sahələrə yönəlməsinə və gələcəkdə daha uğurlu nəticələr əldə etməsinə şərait yaradar”.

Rusiyadan Azərbaycan bayrağına görə QOVULDU - ŞOK QƏRAR
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox