Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nümayəndə heyəti Qazaxıstanın Almatı şəhərində yerləşən Qazaxıstan-Britaniya Texniki Universitetində səfərdə olub.
AzEdu.az xəbər verir ki, səfər çərçivəsində ADNSU-nu Əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Səbinə Əliyeva, həmin şöbənin baş mütəxəssisi İlhamə Osmanova və İctimai əlaqələr və marketinq şöbəsinin müdiri Xülya Sabirli təmsil ediblər.
Qazaxıstan tərəfdən görüşdə universitetin rektoru Maratbek Qabdullin, akademik, professor, Neft mühəndisliyi institunun direktoru Saule Aydarova, Beynəlmiləlləşmə departamentinin direktoru Beknur St;bayev, həmin departamentin baş meneceri Samal Pak, eləcə də tədris işləri üzrə prorektor Asel Jumasseytova və professor Abdulahat Ismailov iştirak ediblər.
Görüş zamanı tərəflər arasında təhsil və elmi istiqamətdə əməkdaşlıq imkanları geniş şəkildə müzakirə olunub. Xüsusilə, ikili diplom proqramlarının yaradılması, akademik mobillik imkanlarının genişləndirilməsi, professor-müəllim heyətinin mübadiləsi, birgə elmi tədqiqatların aparılması, tələbələr üçün birgə bootcamp proqramlarının təşkili və Çin tərəfdaşlarla birgə beynəlxalq konfransların keçirilməsi perspektivləri ön plana çıxarılıb.
Görüş tərəflər arasında uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, Qazaxıstan-Britaniya Texniki Universiteti təhsil, tədqiqat və inkişaf sahələrini özündə birləşdirən elmi-təhsil klasteri kimi fəaliyyət göstərir. Universitet innovasiya, tədqiqat və təhsil sahələrinin inteqrasiyasını təmin etməklə elm, təhsil və istehsalat arasında real əlaqələrin qurulmasına xidmət edir.