“Deyirlər ki, gələcək bu gün qurulur. Son on ildə DİM kollektivi digər dövlət qurumları ilə birlikdə addım-addım yeni bilik və kompetensiyalar ekosistemini formalaşdırıb”.
AzEdu.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin 10 illik yubileyinə həsr olunmuş “Qiymətləndirmə sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.
“Bu fəaliyyət ölkə Prezidenti İlham Əliyevin sosialyönümlü dövlət inkişafı ideyalarının praktik təcəssümüdür: burada əsas dəyər vətəndaş və onun potensialıdır. Biz elə mexanizmlər yaratmışıq ki, hər kəs əmin ola bilər - onun uğuru öz istedadından, biliyindən və yaradıcı əməyindən asılıdır.
Təşkilatımıza göstərilən etimada və hərtərəfli dəstəyə görə ölkə rəhbərliyinə təşəkkür edirəm. Tərəfdaşlarımıza, dövlət qurumlarına, təhsil müəssisələrinə, ekspert icmasına və uzun illərdir DİM-in qiymətləndirmə sisteminə etibar edən bütün vətəndaşlara xüsusi minnətdarlığımı bildirirəm.
Bu missiyaya sadiqliyinizə görə hər birinizə təşəkkür edirəm. Biz bundan sonra da qiymətləndirmə sistemini yeni məzmun və texnologiyalarla təkmilləşdirərək ölkəmizin kadr potensialının inkişafına töhfə verməyə davam edəcəyik”.