“Bu gün biz Dövlət İmtahan Mərkəzinin onilliyini qeyd edirik”.
AzEdu.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin (DİM) 10 illik yubileyinə həsr olunmuş “Qiymətləndirmə sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı qurumun İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.
“Lakin bu, bizim üçün sadəcə təqvimdə bir tarix deyil, milyonlarla vətəndaşın həyat yolunun ayrılmaz hissəsinə çevrilmiş bir təşkilatın inkişafında mühüm mərhələdir.
Hesabat və qrafikləri bir anlıq kənara qoysaq, görərik ki, DİM sadəcə inzibati bina və güclü serverlərdən ibarət deyil. Bu qurum ədalətli rəqabətin intellektual əsasını, başqa sözlə, bir növ intellektual əməliyyat sistemini formalaşdırır.
Bu gün 10 illiyimizi qeyd edirik. Lakin tariximiz yalnız bu dövrlə məhdudlaşmır. Onun əsası ölkədə subyektiv qərarlara deyil, biliklərə əsaslanan qiymətləndirmə sisteminin yaradılması istiqamətində verilən prinsipial siyasi qərarla qoyulub. Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu strategiya nəticəsində həmin seçim konkret institusional qərarlarla reallaşdırılıb.
Birinci vitse-prezident Mehriban Əliyevanın milli təhsilin inkişafına və gənclərə dəstəyə verdiyi töhfələr xüsusi qeyd olunmalıdır. Onun təşəbbüsləri təhsil mühitinin modernləşdirilməsinə və humanist, ədalətli qiymətləndirmə sisteminin formalaşdırılmasına mühüm stimul verib.
Biz cəmiyyətlə mühüm bir məsələdə ortaq mövqeyə gəlmişik: qiymətləndirmə mexanizmlərini daim təkmilləşdirməklə istedadlara yol açmaq və ədalət prinsipinin təmin olunmasına nail olmaq.
Bu gün isə bu yanaşma artıq sistemli şəkildə gələcəyin qurulmasına xidmət edir. Burada hər bir vətəndaşın uğuru onun biliyinə, əməyinə və intellektinə əsaslanır”.