Dövlət İmtahan Mərkəzinin yaradılmasının 10 illik yubileyi münasibətilə “Qiymətləndirmə sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfrans öncəsi praktik məşğələlər keçirilir.
DİM-dən AzEdu.az-a bildirilib ki, praktik məşğələlərdən biri “Təhsilin keyfiyyətinin təkmilləşdirilməsi: Dərsliklərin monitorinqi” mövzusuna həsr edilib. Məşğələnin keçirilməsində məqsəd iştirakçıları dərsliklərin elmi-metodik monitorinqini həyata keçirmək üçün istifadə olunan meyarlarla tanış etmək və onlarda monitorinq rəyi yazmaq bacarıqlarının formalaşmasına dəstək olmaqdır. Məşğələ DİM-in Metodika və dərsliklərin monitorinqi şöbəsinin böyük məsləhətçisi Kamil İbrahimli tərəfindən təqdim olunub.
Vörkşopun işi aşağıdakı mərhələlər üzrə təşkil olunub:
1. Təlimçi dərsliklərin elmi-metodik monitorinqinin aparılması haqqında ümumi məlumat və monitorinqin aparılmasında istifadə olunan əsas və alt meyarlar haqqında qısa məlumat verib.
2. İştirakçılara dərsliklərə yazılmış monitorinq rəylərindən praktik nümunələr nümayiş etdirilib.
3. İştirakçılara onların ixtisaslarına uyğun olan fənlərə dair materiallar təqdim edilib və verilmiş materiala meyarlar əsasında rəy yazmaq tapşırılıb.
4. Tapşırığın yerinə yetirilməsi üçün müddət başa çatdıqdan sonra yazılmış rəylərin müzakirəsi həyata keçirilib.
Sonda isə vörkşopda iştrak edən şəxslərə Dövlət İmtahan Mərkəzi tərəfindən sertfikat təqdim edilib.
“Nəzəriyyədən tətbiqə: Xarici dillər üzrə dinləmə və oxu mətnləri əsasında qiymətləndirmə tapşırıqlarının hazırlanması” mövzusunda ikinci praktik məşğələ Mərkəzin Dövlət dili və xarici dillər üzrə şöbəsinin əməkdaşları Muradov Murad, Ağayeva Fatma və Kərimova Nəzrin tərəfindən təqdim olunub.
Vörkşopun əsas məqsədi reseptiv bacarıqların (dinləmə və oxu) qiymətləndirilməsi sahəsində nəzəri bilikləri praktik fəaliyyətlə birləşdirməkdir. Müasir dil tədrisində bu bacarıqların düzgün qiymətləndirilməsi həm tədrisin keyfiyyətinə, həm də öyrənənlərin real dil səviyyəsinin müəyyən olunmasına birbaşa təsir göstərir.
Vörkşop iki hissədən ibarət olub:
Nəzəri hissədə iştirakçılar oxu və dinləmə mətnlərinin seçilməsi, səviyyəsinin müəyyənləşdirilməsi və bu mətnlər əsasında hazırlanmalı olan tapşırıqlara qoyulan əsas tələblərlə tanış olublar. Bu mərhələ mövzunun metodoloji əsaslarını daha sistemli şəkildə anlamağa imkan verib.
Tətbiqi hissədə isə əldə edilən biliklər konkret tapşırıqlar üzərində işlənilərək möhkəmləndirilib. Burada müxtəlif səviyyələr üzrə mətnlərin hazırlanması, uyğun tapşırıqlarla müşayiət olunması və qiymətləndirmə meyarlarının düzgün seçilməsi istiqamətində praktiki təcrübə əldə olunub.
Növbəti 3 praktik məşğələ Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə “AYYS – Avtomatlaşdırılmış Yazı Yoxlama Sistemində yazı işlərinin meyarlar əsasında qiymətləndirilməsi” mövzusunda DİM-in Statistik araşdırmalar, elmi layihələşdirmə və innovasiyalar departamentinin əməkdaşları Göyçək Alıyeva, İmaməli Rzayev və Aysel Həmidli tərəfindən təqdim olunub.
Vörkşop buraxılış və qəbul imtahanlarında təqdim olunan yazı bacarığı tələb edən tapşırıqların qiymətləndirmə meyarları əsasında yoxlanılmasına həsr olunub. Seminarın əsas məqsədi yoxlama prosesində iştirak edən müəllimlərin qiymətləndirmə bacarıqlarını inkişaf etdirmək, onlara dinləyib-anlama, oxuyub-anlama, ədədlər və əməllər, cəbr və funksiya, həndəsə, statistika və ehtimal məzmun xəttləri üzrə yazı işi tapşırıqlarının meyarlar əsasında yoxlanılmasına dair ətraflı məlumat vermək olub. Məşğələ zamanı iştirakçılar qiymətləndirmə sisteminin kalibrləmə və yoxlama mərhələlərində iştirak ediblər (simulyasiya formatında). İştirakçılar kalibrləmə prosesində əvvəlcə tapşırıqlar və qiymətləndirmə meyarları ilə tanış olub, bundan sonra sistemin onlara təklif etdiyi etalon işləri qiymətləndiriblər.
İştirakçılar kalibrləmə zamanı səhvə yol verdikləri işləri etalon qiymətlərlə müqayisə edərək moderatorlarla müzakirə ediblər. Kalibrləmə prosesindən uğurla keçib yoxlama prosesinə qoşulan iştirakçıların yoxlama zamanı yol verdikləri səhvlər moderator tərəfindən onların şəxsi kabinetlərinə göndəriləcək.
Beləliklə vörkşopda müəllimlərin yazı işlərini meyarlar əsasında obyektiv və sistemli şəkildə qiymətləndirmə bacarıqlarının daha da inkişaf etdirilməsi, bu sahədə praktik vərdişlərinin artırılması, eyni zamanda iştirakçıların qiymətləndirmə zamanı vahid yanaşma prinsiplərinə yiyələnməsi, buraxılan səhvləri daha düzgün təhlil etməsi və daha dəqiq, əsaslandırılmış qərar vermə bacarıqları aşılanıb.
Qeyd edək ki, bütün vörkşopların sonunda iştrakçılara Dövlət İmtahan Mərkəzi tərəfindən sertfikat təqdim edilib.