Dövlət İmtahan Mərkəzində (DİM) “Nəzəriyyədən tətbiqə: Xarici dillər üzrə dinləmə və oxu mətnləri əsasında qiymətləndirmə tapşırıqlarının hazırlanması” mövzusunda ikinci praktik məşğələ Mərkəzin Dövlət dili və xarici dillər üzrə şöbəsinin əməkdaşları Muradov Murad, Ağayeva Fatma və Kərimova Nəzrin tərəfindən təqdim olunub.
Vörkşopun əsas məqsədi reseptiv bacarıqların (dinləmə və oxu) qiymətləndirilməsi sahəsində nəzəri bilikləri praktik fəaliyyətlə birləşdirməkdir. Müasir dil tədrisində bu bacarıqların düzgün qiymətləndirilməsi həm tədrisin keyfiyyətinə, həm də öyrənənlərin real dil səviyyəsinin müəyyən olunmasına birbaşa təsir göstərir.
Vörkşopla bağlı AzEdu.az-a açıqlama verən Dövlət İmtahan Mərkəzinin Dövlət dili və xarici dillər üzrə şöbəsinin böyük məsləhətçisi Fatma Ağayeva məlumat verib ki, qurumun 10 illik yubiley tədbirləri çərçivəsində təşkil olunan workshop-un əsas məqsədi buraxılış, magistratura və doktorantura səviyyələri üzrə xarici dil imtahanlarında reseptiv bacarıqların qiymətləndirilməsini təkmilləşdirməkdir:
"Bu prosesdə əsas diqqət müvafiq dil səviyyələrinə uyğun dinləmə və oxu mətnlərinin seçilməsinə, həmçinin həmin materiallar əsasında yüksək keyfiyyətli test tapşırıqlarının hazırlanmasına yönəlib.İki hissədən ibarət olan workshop-un nəzəri hissəsində iştirakçılar oxu və dinləmə mətnlərinin seçilməsi, səviyyəsinin müəyyənləşdirilməsi və bu mətnlər əsasında hazırlanmalı olan tapşırıqlara qoyulan əsas tələblərlə tanış olublar.
Bu mərhələ mövzunun metodoloji əsaslarını daha sistemli şəkildə anlamağa imkan verib.Tətbiqi hissədə isə əldə edilən biliklər konkret tapşırıqlar üzərində işlənilərək möhkəmləndirilib. Burada müxtəlif səviyyələr üzrə mətnlərin hazırlanması, uyğun tapşırıqlarla müşayiət olunması və qiymətləndirmə meyarlarının düzgün seçilməsi istiqamətində praktiki təcrübə əldə olunub".