Dövlət İmtahan Mərkəzinin yaradılmasının 10 illik yubileyi münasibətilə “Qiymətləndirmə sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfrans öncəsi növbəti praktik məşğələlər keçirilib.
Belə ki, vörkşopda müəllimlərin yazı işlərini meyarlar əsasında obyektiv və sistemli şəkildə qiymətləndirmə bacarıqlarının daha da inkişaf etdirilməsi, bu sahədə praktik vərdişlərinin artırılması, eyni zamanda iştirakçıların qiymətləndirmə zamanı vahid yanaşma prinsiplərinə yiyələnməsi, buraxılan səhvləri daha düzgün təhlil etməsi və daha dəqiq, əsaslandırılmış qərar vermə bacarıqları aşılanıb.
AzEdu.az-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin Bacarıqların və Vərdişlərin Qiymətləndirilməsi və Markerlərlə İş Şöbəsinin müdiri Aydın Qasımov qeyd edib ki, ümumilikdə yeddi vorkşop təşkil olunub və bunlardan üçü buraxılış və qəbul imtahanlarında yazı işlərinin yoxlanılması sistemi ilə bağlıdır:
"Bu vorkşoplardan biri Azərbaycan dili, digəri riyaziyyat, üçüncüsü isə ingilis dili fənləri üzrə yazı işlərinin qiymətləndirilməsi prosesinin təşkilinə həsr olunub.
Bu vorkşopların əsas məqsədi yazı işlərinin qiymətləndirilməsi prosesi ilə tanış olmaq istəyən ixtisas fənn müəllimlərini bu prosesə cəlb etmək, onlarda bu sahəyə maraq yaratmaq və gələcəkdə onların marker kimi əməkdaşlığa cəlb olunmasına şərait yaratmaqdır.
Vorkşoplar iki hissədən ibarətdir. Birinci hissədə şagirdlərin əvvəlki illərdə imtahanlarda yazdıqları yazı işləri əsasında nəzəri təlim keçirilir. İkinci hissədə isə iştirakçılara yazı işlərinin yoxlanılması sistemi üzrə praktiki tapşırıqlar təqdim olunur.
İştirakçılar əvvəlcə kalibrləmə prosesində iştirak edirlər. Bu mərhələdə sistem tərəfindən onlara eyni tapşırıq üzrə müəyyən sayda yazı işləri təqdim olunur. Onlar bu işləri meyarlar əsasında qiymətləndirirlər. Əgər onların verdikləri qiymətlər etalon qiymətlərlə üst-üstə düşərsə, həmin iştirakçılar yoxlama prosesinə qoşula bilirlər.
Kalibrləmə mərhələsindən uğurla keçən iştirakçılar daha sonra real yazı işlərinin yoxlanılmasında iştirak edirlər. Həm kalibrləmə, həm də yoxlama prosesində buraxılan səhvlər fənn üzrə mütəxəssislər tərəfindən iştirakçılarla müzakirə olunur və bu səhvlər onlara izah edilir".