"Xaricdə magistr təhsili almağı hədəfləyən və Azərbaycanda bakalavr təhsili alan məzunlar məqsədlərini hələ abituriyent dövründən düzgün müəyyənləşdirilməlidir".
Bu fikirləri AzEdu.az-a Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri fəlsəfə doktoru İlqar Orucov deyib.
O, qeyd edib ki, ali məktəbin beynəlxalq reytinqi, ingilisdilli təhsil imkanları və mübadilə proqramlarının mövcudluğu önəmlidir:
"Bu mənada hesab edirəm ki, xaricdə magistr təhsili almağı planlaşdıran abituriyentlər üçün bəzi məqamları əvvəlcədən nəzərə almaq daha doğru olar. Çünki abituriyentlər Azərbaycanda ali təhsil müəssisəsini seçərkən bir neçə meyara diqqət yetirməlidirlər ki, gələcəkdə bakalavr təhsillərini başa vurduqdan sonra xaricdə magistr təhsillərini daha uğurla davam etdirə bilsinlər. Burada söhbət həm də nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil almaqdan gedir.
İlk növbədə, ali məktəbin beynəlxalq reytinqi, ingilisdilli təhsil imkanları və mübadilə proqramlarının mövcudluğu önəmlidir. Bu baxımdan hesab edirəm ki, məqsədə çatmaq üçün əlverişli seçimlərdən biri ADA Universitetidir. Çünki bu universitetdə təhsil tam ingilis dilində aparılır, ABŞ təhsil sisteminə əsaslanır və güclü beynəlxalq tərəfdaşlıq şəbəkəsi ilə yanaşı, ikili diplom proqramları mövcuddur".
Yalnız universitet seçimi deyil, ixtisas seçimi də ən az onun qədər önəmlidir:
"Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) qeyd etmək olar. Bu universitet xüsusilə Beynəlxalq İqtisadiyyat Məktəbi vasitəsilə ingilis dilində keyfiyyətli təhsil təqdim edir və Britaniya universitetləri də daxil olmaqla bir çox nüfuzlu ali məktəblərlə ikili diplom proqramlarına malikdir. Burada həm keyfiyyətli ingilis dili təhsili, həm də ixtisaslaşmanın dərinliyi diqqət çəkir.
İxtisaslaşma baxımından Bakı Ali Neft Məktəbini də nümunə göstərmək olar. Bu ali təhsil müəssisəsi mühəndislik sahəsində, xüsusilə Böyük Britaniyanın nüfuzlu universitetləri ilə əməkdaşlıq edir. Məzunların xaricdə təhsillərini davam etdirmək və ya iş tapmaq imkanları kifayət qədər yüksəkdir. Neft-qaz mühəndisliyi, kimya mühəndisliyi və rəqəmsallaşma ilə bağlı ixtisaslarda keyfiyyətli təhsil təqdim olunur və güclü akademik heyət mövcuddur.
Digər bir nümunə olaraq Azərbaycan–Fransız Universitetini (UFAZ) qeyd etmək olar. Bu universitetin məzunları həm Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, həm də Strasburq Universitetinin diplomunu əldə edirlər ki, bu da Avropada təhsili davam etdirmək üçün ciddi üstünlük yaradır. Bu baxımdan UFAZ məzunlarının xaricdə magistr təhsili almaq imkanlarının geniş olduğunu düşünürəm.
Özəl universitetlər arasında isə Xəzər Universitetinin adını çəkmək olar. Bu universitet ölkəmizin ilk özəl ingilisdilli ali təhsil müəssisələrindən biridir və geniş beynəlxalq əlaqələrə malikdir. Xüsusilə Erasmus kimi mübadilə proqramlarında aktiv iştirak edir.
Bununla yanaşı, nəzərə alınmalı digər vacib məqamlar da var. Xarici universitetlər üçün əsas göstəricilərdən biri bakalavr üzrə orta baldır. Eyni zamanda müxtəlif beynəlxalq sertifikatlara sahib olmaq da mühüm rol oynayır. Ölkəmizdə hökumətlərarası mübadilə proqramları və “Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” da uğurla icra olunur və artıq növbəti mərhələsi davam edir. Bu proqram çərçivəsində maliyyə dəstəyi əldə etmək istəyən abituriyentlər əvvəlcədən universitet və ixtisas seçərkən proqramda prioritet hesab olunan sahələrə diqqət yetirməlidirlər.
Eyni zamanda dövlətlərarası mübadilə proqramları vasitəsilə də ölkə üçün vacib və əmək bazarında tələb olunan ixtisaslar üzrə xaricdə təhsil almaq mümkündür. Bu proqramlar həm tərəfdaş dövlətlər, həm də Azərbaycan dövləti tərəfindən dəstəklənir və gənclər üçün əlavə imkanlar yaradır.
Sonda qeyd etmək istəyirəm ki, yalnız universitet seçimi deyil, ixtisas seçimi də ən az onun qədər önəmlidir. Çünki dövlət proqramlarından və beynəlxalq imkanlardan yararlanmaq üçün məhz bu ixtisaslar əsas rol oynayır. Bu baxımdan düzgün və strateji seçim etmək gələcək uğurun əsas şərtlərindən biridir".