NASA mütəxəssisləri martın 18-də təyyarə ölçüsündə olan "2026 FB" asteroidinin Yerin yaxınlığından keçəcəyi barədə məlumat yayıblar.
AzEdu.az "The Times of India" nəşrinə istinadən xəbər verir ki, asteroid planetimizin yanından saatda təxminən 55 000 kilometr sürətlə keçəcək. Alimlərin qiymətləndirməsinə əsasən, kosmik cismin eni təqribən 21 metrdir.
Obyektin planetimizə ən çox yaxınlaşacağı məsafə 1.1 milyon kilometr təşkil edəcək. Ekspertlər bildirirlər ki, bu məsafə Yerdən orta hesabla 385 min kilometr aralıda yerləşən Ayın orbitindən kifayət qədər uzaqdır.
Səma cismi planetimiz üçün heç bir təhlükə yaratmır. NASA nümayəndələrinin sözlərinə görə, bu ölçüdə olan obyektlər hətta atmosferə daxil olsalar belə, yer səthinə çatmadan yanaraq məhv olurlar.