Azedu.az

Abituriyentlərdə ruh düşkünlüyü - “Nəticəniz zəifləyə bilər”- XƏBƏRDARLIQ

Xəbərlər

18 Mart 2026, 15:29
Abituriyentlərdə ruh düşkünlüyü - “Nəticəniz zəifləyə bilər”- XƏBƏRDARLIQ

Keçdiyimiz günlərdə 11-ci sinif şagirdləri buraxılış imtahanında iştirak etdilər. Lakin imtahandan sonra onlar sualların çətin olduğunu və yaxşı nəticə göstərə bilmədiklərini bildirirlər. Amma imtahan prosesi bununla yekunlaşmır, qarşıda hələ qəbul imtahanı var.

Artıq demək olar ki, bir çox abituriyent motivasiyasını itirib. Bu vəziyyətdə ailə təzyiqinin də rolu az deyil.

Maraqlıdır, belə bir dövrdə abituriyentlər itirilmiş motivasiyanı necə bərpa edə bilərlər?

AzEdu.az-a mövzu ilə bağlı psixoloq Nizami Orucov danışıb.

O qeyd edib ki, bu mərhələdə əsas hədəf özünü məcbur motivasiya etmək yox, emosional sabitliyi bərpa etməkdir:

"Buraxılış imtahanından sonra motivasiyanın düşməsi çox təbii reaksiyadır. Şagird uzun müddət hazırlaşır, yüksək gözlənti ilə imtahana girir və nəticə gözlədiyi kimi olmadıqda “artıq gecdir”, “bacarmadım” kimi ümumiləşdirilmiş düşüncələr yaranır. Bu isə motivasiyanı kəskin şəkildə aşağı salır.

Bu mərhələdə abituriyentlər üçün ən vacib məqam nəticəni “son hökm” kimi yox, “geribildirim” kimi görməkdir. Yəni bu imtahan sənin səviyyəni ölçdü və sənə göstərdi ki, hansı mövzular zəifdir. Əgər bu analiz düzgün aparılarsa, qarşıdakı qəbul imtahanına daha hədəfli hazırlaşmaq mümkündür. Motivasiya çox vaxt “uğur hissindən” yox, “irəliləyiş hissindən” qidalanır. Kiçik-kiçik irəliləyişləri görmək motivasiyanı yenidən bərpa edir.

Digər tərəfdən, “hər şeyi unutmuşam”, “heç nə alınmayacaq” kimi düşüncələr panikanın nəticəsidir, reallığın yox. Beyin stress altında informasiyanı sanki bloklayır, amma bu, biliklərin itməsi demək deyil. Sakitləşdikcə həmin məlumatlar yenidən aktivləşir. Ona görə də bu mərhələdə əsas hədəf özünü məcbur motivasiya etmək yox, emosional sabitliyi bərpa etməkdir".

Valideynlərə gəldikdə isə ən kritik məsələ təzyiqin formasını dəyişməkdir:

“"Mütləq keçməlisən", "bu son şansındır" kimi ifadələr motivasiya yaratmır, əksinə, performans təşvişini artırır və nəticəni daha da zəiflədir. Bu dövrdə uşağın ən çox ehtiyacı olan şey qiymətləndirilmək yox, anlaşılmaqdır. Valideyn ‘sənin yanındayam, nəticədən asılı olmayaraq dəyərlisən’ mesajını verə bildikdə, uşaq psixoloji olaraq toparlanmağa başlayır".

Praktik olaraq isə bir neçə yanaşma faydalıdır:

"Keçmiş nəticəni analiz et, amma onun içində ilişib qalma; hazırlığı qısa və real planlara böl (məsələn, gündəlik konkret mövzular); özünü başqaları ilə yox, dünənki halınla müqayisə et; həmçinin gün ərzində qısa fasilələr və fiziki aktivlik əlavə et (beyin üçün bu çox vacibdir) və sosial müqayisədən (kim neçə bal topladı və s.) mümkün qədər uzaq dur.

Unutmaq olmaz ki, bu mərhələ həyatın son nöqtəsi deyil, sadəcə keçid mərhələsidir. Bəzən ilk uğursuzluq gənci daha doğru istiqamətə yönəldir. Əsas məsələ bu təcrübəni “məğlubiyyət” kimi yox, “düzəliş imkanı” kimi görə bilməkdir”.

TƏCİLİ! İranın xarici işlər naziri də ö*ldürüldü - Şok iddia
Son xəbərlərDaha çox