Azedu.az

Kurs rəhbərləri ittiham olunur: “Sınaqda yüksək, imtahanda zəif nəticə göstərilir”

Xəbərlər

18 Mart 2026, 09:10
Kurs rəhbərləri ittiham olunur: “Sınaqda yüksək, imtahanda zəif nəticə göstərilir”

Artıq 11-ci siniflər üçün buraxılış imtahanları yekunlaşıb və bəzi abituriyentlər imtahan suallarının çətin olduğunu bildirərək narazılıqlarını ifadə edirlər.

Maraqlıdır ki, imtahana kifayət qədər hazırlaşmayan abituriyentlər daha çox çətinlikdən danışsa da, eyni imtahanı uğurla keçənlər də az deyil. Bu isə göstərir ki, nəticələrdə hazırlıq səviyyəsi mühüm rol oynayır.

Bəzən belə fikirlər də səslənir ki, bəzi abituriyentlər ailə və ətraf mühitin təzyiqi səbəbindən nəticələrini əsaslandırmaq üçün imtahanın çətin olduğunu daha çox qabardırlar.

Görəsən, imtahandan sonra səslənən bu narazılıqların nə qədəri real çətinliklərlə, nə qədəri isə hazırlıq səviyyəsi və psixoloji amillərlə bağlıdır?

AzEdu.az-a mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli danışıb.

O qeyd edib ki, artıq repetitor müəllimlər və böyük kurs rəhbərləri də ittiham olunmağa başlayıb:

“Təəssüf ki, biz hər il buraxılış imtahanlarından sonra eyni mənzərə ilə qarşılaşırıq. Dövlət İmtahan Mərkəzi hər il özünün haqlı olduğunu, abituriyentlərin isə hazırlıqsız olduğunu əsas gətirir. Abituriyentlər isə öz növbəsində Dövlət İmtahan Mərkəzinin suallarının çətin olması ilə bağlı iddialar səsləndirirlər.

Builki iddiaların içərisində isə həmişəkindən fərqli olaraq bir məqam xüsusi qeyd olunur: artıq repetitor müəllimlər və böyük kurs rəhbərləri də ittiham olunmağa başlayıb. Yəni həm valideynlər, həm də abituriyentlər bildirirlər ki, sınaq imtahanlarında kifayət qədər yüksək nəticə göstərdikləri halda, buraxılış imtahanında sualları çətin qarşılayıblar. Bəzi hallarda isə Dövlət İmtahan Mərkəzinin özünün hazırladığı vəsaitlərdən sualların düşməsi ilə bağlı ciddi iddialar səsləndirilir.

Məsələ burasındadır ki, bu, müəyyən mənada DİM-in fəaliyyətində də qabarıq şəkildə görünür. Belə ki, bir çox kurslar və repetitor müəllimlər məhz Mərkəzin hazırladığı vəsaitlərdən istifadə edir. Ümumi təhsil məktəbləri üçün nəzərdə tutulan proqram isə arxa planda qalır. Düzdür, hazırlıq həmin proqramın bazasında aparılır, lakin ümumi mənzərə göstərir ki, dərsliklərə uyğun olsa da, bəzi xırda nüanslar kütləvi şəkildə yüksək bal toplanmasının qarşısını alır".

Mərkəz daxilində müəyyən islahatlar aparılmalıdır:

“Məsələn, Dövlət İmtahan Mərkəzinin vəsaitləri daha çox şəhərlərdə və böyük kurslarda əlçatan olur. Amma ucqar bölgələrdə, rayon məktəblərində təhsil alan şagirdlər bu vəsaitlərdən istifadə edə bilmir və Mərkəzin kütləvi sınaq imtahanlarından yararlanmaq imkanları məhdud olur. Ona görə də bu gün 11-ci sinif üzrə buraxılış imtahanı verənlərin böyük bir hissəsi DİM-in mövcud qaydalarından narazıdır.

Düşünürəm ki, mərkəz daxilində müəyyən islahatlar aparılmalıdır. Heç olmasa, növbəti illərdə buraxılış imtahanlarının bir gün ərzində keçirilməsi təmin edilməlidir ki, bu cür mübahisəli fikirlər yaranmasın.

Məsələn, bəziləri martın 9-da keçirilən imtahanın daha çətin olduğunu, digərləri isə martın 15-də keçirilən imtahanların nisbətən daha asan olduğunu düşünür. Amma mən şəxsən hesab edirəm ki, bu proses əvvəlcədən planlaşdırıldığı üçün imtahanın gedişində dəyişiklik etmək mexanizmi yoxdur və bu, mümkün deyil.

Sadəcə olaraq, Dövlət İmtahan Mərkəzi bu prosesi bir günə sistemləşdirməli, buraxılış imtahanlarını zonalar üzrə bölməməlidir. Çünki maddi-texniki baza buna imkan verir. İmtahanların keçirildiyi zallar mövcuddur və nəzarətçilərin sayını bir qədər artırmaqla bu imtahanları bir günə keçirmək mümkündür.

Digər narahatlıq doğuran məsələlərdən biri də nəticələrin imtahandan təxminən 7 həftə sonra elan olunmasıdır ki, bu da əlavə gərginlik yaradır. Hesab edirəm ki, marker müəllimlərin sayını artırmaqla bu prosesi daha da sürətləndirmək mümkündür".

Verilişləri eyni gündə BAĞLANDI - Zaurlar, Xoşqədəm, Lalə Azərtaş...
Son xəbərlərDaha çox