Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-15 21:46:00
“Parker Prob Solar” zondu Günəş ətrafında ilk tam dövrünü başa vurub

Şəxs adı verilmiş zond Günəş ətrafında ilk tam dövrünü edib. “Parker Prob Solar” zondu 2018-ci il avqustun 12-də NASA tərəfindən Günəşi tədqiq etmək məqsədilə buraxılıb. AzEdu.az xəbər verir ki, zond dinamik genişlənən Günəş tacı - Günəş küləyi fərziyyəsini irəli sürmüş amerikalı fizik E.N.Parkerin şərəfinə belə adlandırılıb.

Ölçüləri 1x3x2,3 metr, kütləsi 555 kiloqram olan “Parker Prob Solar” zondu altıillik fəaliyyəti dövründə Günəş küləyinin mənbəyində maqnit sahələrinin strukturunu və dinamikasını, Günəş tacı tərəfindən şüalanan enerjinin səviyyələrini və Günəş küləyinin təcilini müəyyən etmək, həmçinin Günəş yaxınlığında plazma hissəciklərini, onların Günəş küləyinə təsirini və enerjili hissəciklərin yaranması kimi məsələləri öyrənəcək.

 

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının saytında yer alan məlumatda qeyd olunub ki, hazırda zond Günəşdən 0,933 a.v. məsafədə olmaqla 17,18 km/saniyə sürətlə hərəkət edir.

 

Ümumilikdə, cari ilin kosmik hadisələrlə zəngin olacağı gözlənilir. Orbitə “Spektr-RG” astrofiziki rəsədxananın buraxılması Kainatın tam xəritəsinin çəkilməsinə kömək edəcək. “Spektr-RG” Rusiya - Almaniya beynəlxalq layihəsidir və Orbital Astrofiziki Rəsədxananın yaradılması məqsədi daşıyır. Onun vasitəsilə Kainatın rentgen dalğa uzunluğu diapazonunda öyrənilməsi nəzərdə tutulur. Aparat Günəş–Yer sistemində L2 Laqranj nöqtəsi ətrafına çıxarılacaq.

 

Astrofiziki tədqiqatlar 7-7,5 il müddətinə (4 il ulduz səmasını skaner etmək rejimində işləməsi və 3,5 il Kainatın nöqtəvi obyektlərinin müşahidəsi) nəzərdə tutulur.