Artıq yaz fəsli yaxınlaşır. Bu dövrdə isə bir çox insanın, xüsusilə də uşaqların qorxulu yuxusuna çevrilən problemlərdən biri polen allergiyasıdır. Yaz aylarında havada polenin miqdarının artması bir çox uşaqlarda allergik reaksiyalara səbəb olur və onların gündəlik həyatına təsir edir.
Bəs polen allergiyasından qorunmağın və ya onun təsirlərini azaltmağın yolları varmı? Valideynlər bu dövrdə hansı tədbirləri görməlidirlər? Ümumiyyətlə, uşaqlarda polen allergiyası hansı hallarda mütləq həkim müdaxiləsi tələb edir?
AzEdu.az-a mövzu ilə bağlı pediatr Şəlalə Poluxova açıqlama verib.
O, qeyd edib ki,bəzi tədbirlər görməklə simptomların daha yüngül keçməsinə və azalmasına kömək etmək mümkündür:
"Yaz aylarında havada bitki tozcuqları (polen) artdığı üçün uşaqlarda allergik reaksiyalar daha çox müşahidə olunur. Buna allergik rinit kimi də rast gəlinir. Xüsusilə məktəb yaşlı uşaqlarda belə simptomlara daha tez-tez təsadüf edilir.
Əsas əlamətlər bunlardır: uşaqlarda davamlı asqırma olur, burunda qaşınma və burun tutulması yaranır. Gözlərdə qaşınma, qızartı və sulanma kimi əlamətlər də müşahidə olunur. Quru öskürək ola bilər, bəzən yorğunluq və yuxu pozulması kimi hallar da özünü göstərə bilir. Bu dövrdə simptomlar daha da güclənə bilər.
Bitki tozcuqlarına qarşı allergiyanın qarşısını tam almaq çətindir. Amma bəzi tədbirlər görməklə simptomların daha yüngül keçməsinə və azalmasına kömək etmək mümkündür. Məsələn, polen miqdarının yüksək olduğu saatlarda uşağın çölə çıxmasını məhdudlaşdırmaq lazımdır. Xüsusilə səhər saatlarında havada bitki tozcuqları daha çox olur. Evə qayıtdıqdan sonra paltarları dəyişmək və duş qəbul etmək faydalıdır. Bu, bədənə və saça yapışan tozcuqları uzaqlaşdırmağa kömək edir.
Küləkli günlərdə çölə çıxmamaq və ya çıxışı məhdudlaşdırmaq, həmçinin evdə pəncərələri bağlı saxlamaq tövsiyə olunur. Evin tez-tez təmizlənməsi, xüsusilə nəm təmizliyin aparılması da vacibdir. Bu tədbirlər toz və allergenlərlə təması azaltmağa kömək edir".
Allergiyanın qarşısını tam almaq mümkün deyil:
"Ümumiyyətlə, allergiyanın qarşısını tam almaq mümkün deyil. Əsas məqsəd allergiyaya səbəb olan amillərdən uzaq durmaqdır. Bu mövzuda söhbət bitki tozcuqlarından getdiyi üçün həmin tozcuqlarla təması maksimum azaltmaq lazımdır ki, simptomlar da azalsın. Uşaqlarda bu simptomlar uzun müddət davam edərsə və getdikcə şiddətlənərsə, mütləq həkimə müraciət olunmalıdır. Xüsusilə gecələr yuxuya mane olan burun tutulması, xırıltı, öskürək və nəfəs almaqda çətinlik kimi əlamətlər varsa, diqqətli olmaq lazımdır.
Bəzi hallarda bu əlamətlər astma ilə də əlaqəli ola bilər. Tez-tez nəfəs darlığı, sinədə xışıltı, gecə yarısı uşağı oyadan tutma şəklində öskürək kimi hallar müşahidə olunarsa və sadə tədbirlərlə yaxşılaşma olmazsa, pediatr və ya uşaq allergoloquna müraciət etmək vacibdir. Lazım gələrsə, həkim uşağın vəziyyətindən asılı olaraq antihistamin preparatlar, burun spreyləri və digər müalicə üsulları təyin edə bilər.
Ümumilikdə bu vəziyyət çox təhlükəli hesab olunmur. Lakin düzgün nəzarət olunmadıqda uşağın həyat keyfiyyətinə, dərs fəaliyyətinə və ümumi gündəlik həyatına mənfi təsir göstərə bilər. Buna görə də əlamətləri vaxtında tanımaq və düzgün tədbirlər görmək çox vacibdir. Ən önəmlisi isə allergiyaya səbəb olan amillərdən mümkün qədər uzaq durmaqdır".