Azedu.az

Psixoloq: Abituriyentləri imtahandan çox valideyn təzyiqi narahat edir

Xəbərlər

6 Fevral 2026, 09:14
Psixoloq: Abituriyentləri imtahandan çox valideyn təzyiqi narahat edir

Artıq abituriyentlərin imtahanlarına az bir vaxt qalıb. Bu isə həm abituriyentlər, həm də valideynlər üçün əlavə stress və həyəcan yaradır. Bu dönəmdə xüsusilə valideynlər övladlarının üzərinə daha çox düşürlər.

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən psixoloq Aytən Ələkbərova bildirib ki, məsuliyyət həyəcanı idarə etdiyi zaman insan qalib olur, həyəcan məsuliyyəti idarə etdiyi zaman isə insan az da olsa məğlub olur:

“Təbii ki, ilk olaraq bütün abituriyentlərimizə uğurlar arzulayıram. İlk tövsiyəm ondan ibarət olardı ki, çalışsınlar həyəcanı idarə etməyi bacarsınlar. Çünki məsuliyyət həyəcanı idarə etdiyi zaman insan qalib olur, həyəcan məsuliyyəti idarə etdiyi zaman isə insan az da olsa məğlub olur. Həyəcan məsuliyyəti idarə etməyə başladıqda insanlarda əllərin içinin tərləməsi, ürək döyüntülərinin artması və hətta psixosomatik olaraq bayılmalar belə baş verə bilir. Amma insan məsuliyyətlə düşündükdə və məsuliyyət həyəcanı idarə etdikdə, təbii ki, uğur qazana bilir.

Ona görə də çox yaxşı olardı ki, imtahan ərəfəsində valideynlər övladlarını psixoloqlarla danışdırsınlar, zərurət olduqda isə özləri də bu prosesdə iştirak etsinlər. Çünki həyəcanı daha çox yaradan valideyn olur. Bəzən valideyn elə davranır ki, sanki övladına bir stəkan su verməyi belə çox görür. Bu ifadəni məcazi mənada deyirəm. Məsələn, uşaq deyir: “Mən dərs oxuyanda sakit musiqi dinləyirəm, qulaqcıqla daha rahat oluram””.

Valideynlər bəzən özlərinin daşıya bilmədiyi yükü övladlarının üzərinə yükləməyə çalışırlar:

“Hətta elə uşaqlar var ki, deyirlər: “Mən valideynimlə bunu danışa bilmirəm. Mən dinlədikdə daha yaxşı öyrənirəm. Oxuduqlarımı öz səsimlə telefonuma yazıram və sonra qulaqcıqla dinlədikcə daha yaxşı yadımda qalır”. Öz səsini dinlədikdə öyrəndiklərini daha rahat mənimsəyir. Amma bu gün valideyn deyir ki, “yox, bu niyə belədir?” və nəticədə mübahisələr yaranır. Bu mübahisələrdən yaranan stress isə abituriyentin beyninə dəfələrlə daha çox zərər verir.

Çünki mərkəzi sinir sistemi qıcıqlandığı zaman insan özünü ifadə edə bilmədikdə, öyrəndiklərini daha tez unutmağa başlayır. Ona görə də valideynlərə əsas tövsiyəm budur ki, bəzən özünüz daşıya bilmədiyiniz yükü övladınızın çiyninə yükləməyə çalışırsınız. Halbuki onların qabiliyyəti nə qədərdirsə, nəyi mənimsəyə bilirlərsə, nəyi öyrənə bilirlərsə, onu qəbul edirlər. Bu qədər stress yaratmaqdansa, daha düzgün olar ki, övladınızın psixoloji müayinəsini aparasınız və bu müayinə nəticəsində onun nələri qəbul etdiyini, nələri qəbul etmədiyini və bunun psixoloji səbəblərini öyrənəsiniz.

Elə hallar olub ki, son anda birinci qrupa hazırlaşan abituriyent müraciət edib. Məsələn, bu dövrlərdə müraciət edib və müayinə nəticəsində məlum olub ki, onun beyin gücü cəmi üç fənni daha yaxşı mənimsəməyə imkan verir və beşinci qrup üzrə çox yaxşı nəticə əldə edə bilər. Amma valideyn üçün əsas olan odur ki, övladı kimdənsə geri qalmasın, mütləq ali məktəbə daxil olsun. Gələcəyi isə düşünmür ki, sabah bu insan seçdiyi sahənin öhdəsindən gələ biləcəkmi.

Ona görə də ən düzgün və əsas tövsiyəm bundan ibarətdir ki, valideynlər psixoloqa müraciət etsinlər, övladlarının psixoloji immunitetini düzgün qiymətləndirsinlər və daha sağlam, daha doğru addımlar atsınlar”.

Pezeşkian Azərbaycanı təhdid edən şəxsə yüksək vəzifə verdi
Son xəbərlərDaha çox